Qranpri mükafatına təqdim edilmiş Amerika Birləşmiş Ştatlarının “Meri Mak Brayd” musiqi qrupunun konserti
ABŞ-ın məşhur “Meri Mak Brayd” musiqi qrupu respublikamızın bölgələrinə səfər proqramı çərçivəsində 28 mart 2014-cü il tarixdə Bərdə rayon mədəniyyət evində konsert vermişdir.
Konsertin əvvəlində çıxış edən Bərdə rayon İcra Hakimiyyəti başçısının müavini Fəqət Şadlinskaya qonaqları salamlayaraq, mədəniyyətin xalqlararası dostluq körpüsü olduğunu bildirmiş, ölkəmizdə mədəniyyət sahəsində həyata keçirilən proqram və layihələrdən, Qərb musiqisi olan cazın Azərbaycanda inkişafından danışmışdır.
ABŞ-ın ölkəmizdəki səfirliyinin mədəniyyət və təhsil işləri üzrə müşaviri xanım Kelli Kalam və mədəniyyət məsələləri üzrə məsləhətçisi Xəqani Əliyev konsertin yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə rayon rəhbərliyinə, musiqisevərlərə minnətdarlığını bildirmiş, qrupun fəaliyyəti və ölkəmizə səfərinin məqsədi barədə məlumat vermişlər. Bildirilmişdir ki, ABŞ-ın Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən bu proqram Azərbaycan və Amerika xalqları arasında mədəniyyət sahəsində qarşılıqlı əlaqələrin, dostluq münasibətlərinin daha da genişləndirilməsi və təkmilləşdirilməsi məqsədi daşıyır.
Konsert zamanı “Meri Mak Brayd” musiqi qrupunun, həmçinin yerli musiqiçilərin təqdim etdikləri musiqi nömrələri bərdəli tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanmışdır. Anşlaq olan konsertdə tamaşaçılar sənətçilərə gül-çiçək buketləri təqdim etmişlər.