Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Ədliyyə Nazirinin Ağdam, Ağcabədi, Bərdə və Laçın rayonlarından, Xankəndi şəhərindən olan vətəndaşları qəbulu

24 may 2014 | 15:00

Ədliyyə naziri cənab Fikrət Məmmədov bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Bərdə şəhərində, Ağdam, Ağcabədi və Bərdə rayonlarında yaşayan vətəndaşların, habelə Xankəndi və Laçından olan məcburi köçkünlərin qəbulunu keçirmişdir.
Rayon İcra Hakimiyyəti başçısı aparatında keçirilən qəbulda Azərbaycan Respublikasının Ədliyyə Naziri cənab Fikrət Məmmədov, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin  Təşkilat nəzarət baş idarəsinin rəisi cənab Elçin Qasımov, Nazirin köməkçisi cənab Adil Əbilov, Qəbul şöbəsinin rəisi cənab Kamal Hüseynov, Məxfi şöbənin rəisi cənab Samir Səfərov, İcra baş idarəsi rəisinin müavini cənab Fərid Əfəndiyev, Bərdə regional Ədliyyə şöbəsinin rəis əvəzi cənab Möhsüm Hüseynov iştirak etmişlər.
Qəbuldan əvvəl nazir cənab Fikrət Məmmədov və Bərdə rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət etmiş, önünə gül dəstəsi qoymuş, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad etmişlər. Həmçinin Heydər Əliyev mərkəzində nümayiş etdirilən eksponatlarla tanış olmuşlar. 
Vətəndaşların rahatlığının təmin edilməsi üçün nazirin qəbuluna yazılış qabaqcadan başlanılmış, nazirliyin elektron xidmətlər portalında xüsusi olaraq birbaşa yazılmaq imkanı yaradılmışdır.
Qəbul zamanı ədliyyə və məhkəmə fəaliyyəti, habelə digər müxtəlif məsələlər ilə bağlı hər bir vətəndaş diqqətlə dinlənilmiş, müraciətlərdə qaldırılan məsələlərin bir qismi elə yerindəcə öz həllini tapmışdır. Qəbulda iştirak edən nazirliyin aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilmişdir.
Eyni zamanda, ədliyyə və məhkəmə fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərə baxılmış, onların araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunmuşdur. Qəbul zamanı vətəndaşlar əhaliyə göstərilən qayğılı münasibətə, bölgələrdə qəbulların silsilə xarakter almasına, regionlarda yüksək sosial-iqtisadi şəraitin yaradılmasına görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə etmişlər.
Səfər zamanı Ədliyyə naziri rayon məhkəməsinə və ədliyyə orqanlarına baş çəkərək, hakimlər və ədliyyə işçiləri ilə görüşmüş, onların fəaliyyəti və iş şəraiti ilə tanış olmuş, problemlərlə maraqlanmış, vətəndaş-məmur münasibətlərinin Azərbaycan Prezidentinin tələblərinə uyğun olaraq sağlam zəmində qurulması, etik davranış qaydalarına ciddi riayət edilməsi, korrupsiyaya şərait yaradan hallara yol verilməməsi və digər aidiyyəti tövsiyə və tapşırıqlarını vermişdir.

Keçidlər