Azərbaycan Respublikasının Kənd təsərrüfatı naziri Heydər Əsədov Bərdə şəhərində vətəndaşları qəbul etmiş və təməlqoyma mərasimində iştirak etmişdir.
25 iyul 2014-cü il tarixdə Azərbaycan Respublikası Kənd təsərrüfatı naziri Heydər Əsədov YAP Bərdə rayon təşkilatında Bərdə, Ağcabədi, Ağdam, Tərtər, Beyləqan, İmişli, Füzuli, Laçın və Xocavənd rayonlarından olan 70 nəfərdən çox vətəndaşı qəbul etmişdir. Vətəndaşların müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapmış, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilmişdir.
Qəbuldan əvvəl Azərbaycan Respublikası Kənd təsərrüfatı naziri Heydər Əsədov və rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev rayonun mərkəzi meydanında ucaldılmış ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri qoyaraq ehtiramlarını bildirmişlər.
Qəbuldan sonra nazir Heydər Əsədov və Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev Kənd Təsərrüfatı Nazirliyinin Bərdə Rayon Ərazi Kənd Təsərrüfatı İdarəsinin inzibati binasının təməlinin qoyulması mərasimində iştirak etmişlər.
Daha sonra nazir Heydər Əsədov Bərdədə yeni tikilən Heydər Əliyev adına park-bulvarla və Mehdili kəndində “Qarabağ” Aqrar Sənaye Kompleksi ilə tanış olmuşdur.