“Qardaşlaş məktəblər” layihəsi Bərdə və Şamaxı məktəblərində də uğurlu alındı
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun sentyabrın əvvəllərindən start götürən “Qardaşlaşmış məktəblər” proqramı da belə layihələrdəndir.
Sentyabrın 11-də Şamaxı rayonunun Sabir qəsəbə tam orta məktəbinin şagirdləri Bərdə rayonuna gəldilər.
Bərdə Rayon İcra Hakimiyyətində qonaqlarla rayon rəhbərliyinin görüşü oldu.Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev layihənin əhəmiyyətini yüksək qiymətləndirərək məktəblilərə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızın hər yerində olduğu kimi Bərdə rayonunda da həyata keçirilən genişmiqyaslı quruculuq-abadlıq işləri, həmçinin Bərdənin tarixi, abidələri barədə məlumat verdi. Görüşdə hər bir məktəbliyə Bərdə ilə bağlı fotoalbom, bukletlər, videodisklər təqdim olundu.
Sonra məktəblilər ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzərək xatirəsini ehtiramla yad etdilər. Heydər Əliyev Mərkəzində dahi rəhbərin həyat və fəaliyyəti ilə bağlı ekspozisiyalara baxdılar.
Şamaxılı məktəbliləi akademik Zərifə Əliyeva adına Bərdə şəhər texniki təmayüllü məktəb-liseyə gələrək təhsil ocağı ilə tanış oldular. Məlumat verildi ki, akademik Zərifə Əliyeva adına texniki təmayüllü məktəb-lisey nəinki rayonda, həmçinin respublikada tanınan təhsil ocağıdır. Bu il məktəb-liseyi bitirən 75 məzunun 68 nəfəri ali məktəblərə qəbul üçün sənəd verib və onlardan 63-ü tələbə adını qazanıb. Məzunların 12 nəfəri 600-dən, 9 nəfəri 500-dən çox bal toplayıb.
Bərdə və Şamaxı məktəbliləri daha sonra “Soyuq bulaq” istirahət mərkəzinə gəldilər. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla və Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini, Yeni Azərbaycan Partiyası Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya layihənin əhəmiyyətindən danışdılar. Bildirildi ki, Bilik Fondunun maliyyəsi ilə reallaşan “Qardaşlaşmış məktəblər” layihəsinin geniş perspektivi var. Məktəblilər ölkəmizi daha yaxından tanıyıb sevəcəklər. Şagirdlərin seçmiş olduqları liderlərin və məktəb direktorlarının imzalayacağı müqavilədə bir sıra öhdəliklər götürülür. Pedaqoji və şagird kollektivləri arasında əlaqələr davamlı olacaq, dərs ilinin ikinci yarısında qarşı tərəf bu dəfə ev sahibliyini edəcək, məktəblərdə xüsusi qardaşlıq guşəsi yaradılacaq, ilboyu birgə təcrübə və informasiya mübadiləsi aparılacaq. “Qardaşlaşmış məktəblər” layihəsi müxtəlif bölgələrdən olan məktəblilər arasında “bilik körpüsü”nün yaradılmasına, şagirdlərin intellektual səviyyəsinin yüksəldilməsinə və dünyagörüşlərinin genişləndirilməsinə, istedadlı gənclərin aşkarlanmasına şərait yaradacaq.
Sonra Şamaxı rayonunun Sabir qəsəbə tam orta məktəbi və akademik Zərifə Əliyeva adına Bərdə şəhər texniki təmayüllü məktəb-lisey arasında “Qardaşlaşma haqqında” saziş imzalandı. Bu saziş həm də Azərbaycanın iki qədim tarix və mədəniyyət mərkəzini qardaşlaşdırdı.
Məktəblilər sonra “İmamzadə” kompleksi ilə tanış oldular. Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazisi hacı Ramazan Hüseynov şagirdlərə kompleksin tarixi haqqında məlumat verdi. Minnətdarlıqla bildirdi ki, Bilik Fondunun ilk layihəsi “İmamzadə” kompleksinin bərpasıdır.
Şagirdlər Bərdə türbəsi, Heydər Əliyev və Qəhrəmanlar parklarında oldular. Növbəti gün məktəblilər Ak.Z.Əliyeva adına məktəbdə müxtlif viktorinalar üzrə yarış kleçirdilər, qaliblərə mükafatlar verildi,, Dövlət Bayrağı Meydanında oldular, hərbi hissədə əsgərlərlə görüşdülər. İlk təəsüratın böyüklüyü bu qardaşlaşmanın daimi olacağından xəbər verdi.