Bərdə rayonunda “Bilik günü”ndə 2 yeni kənd məktəbinin binası istifadəyə verildi.
Sentyabrın 15-də Bərdə rayonunun ümumtəhsil məktəblərində yeni dərs ilinin başlanması münasibətilə təntənəli mərasimlər keçirildi.
Bilik günündə 1saylı Nazırlı kənd tam orta məktəbi üçün 220 şagird yerlik, Qazaxlar kənd tam orta məktəbi üçün 180 şagird yerlik yeni məktəb binaları müəllim və şagirdlərin istifadəsinə verildi.
Rayon İcra Hakimiyyəti başçısının müavini, YAP rayon təşkilatının sədir Fəqət Şadlinskaya mərasimləri açaraq ölkədə təhsilə göstərilən dövlət qayğısından, Prezident İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın bu sahədəki xidmətlərindən danışdı.
Mərasimdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev müəllimləri və məktəbliləri, bütün rayon ziyalılarını yeni dəs ilinin başlanması və “Bilik günü”, həmçinin yeni tikilmiş 1 saylı Nazırlı və Qazaxlar kənd tam orta məktəb binalarının açılışı münasibətilə təbrik edib bildirdi ki, respublikanın hər yerində olduğu kimi, Bərdə rayonunda da yeni məktəb binalarının tikintisi, mövcud məktəblərin əsaslı təmiri diqqət mərkəzindədir. Hazırda şəhər 7 saylı əsas məktəb üçün 360 şagird yerlik məktəb binasının tikintisi başa çatıb, 2, 5 və 6 saylı tam orta məktəbləri əsaslı təmir edilir, rayon Təhsil şöbəsinin üçmərtəbəli yeni binası tikilib başa çatmışdır. Tezliklə bu təhsil ocaqları da istifadəyə veriləcək.
Hər iki kənd məktəbinin müəllim, şagirdlərinin və ictimaiyyətin nümayəndələri göstərilən diqqət və qayğıya, yaradılan şəraitə görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər.
Sonra mərasim iştirakçıları məktəblərdə yaradılmış şəraitlə tanış oldular. Yeni məktəb binalarında fənn kabinələri, laboratoriya, kompyuter və sinif otaqları, akt və idman zalları, bufet, kitabxana, xidməti otaqlar, istilik sistemi yaradılıb, təhsil ocaqları lazımi inventar və avadanlıqla təmin olunub.