Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə “Hər şey Ordu üçün, hər şey qələbə üçün” adlı bədii-hərbi kütləvi tədbir keçirildi

26 sentyabr 2014 | 15:00

Sentyabrin 26- da Bərdə şəhər Mərkəzi meydanında və Bərdə Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Hər şey Ordu üçün, hər şey qələbə üçün” adlı bədii-kütləvi hərbi vətənpərvərlik tədbiri keçirilmişdir.
           Tədbirdən öncə Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yüksək rütbəli əməkdaşları, generallar, Bərdə rayon İcra Hakimiyyətinin,  hüquq mühafizə orqanlarının rəhbərləri ulu öndər Heydər Əliyevin abidəsi önünə tər güllər düzərək onun xatirəsini ehtiramla yad etmişlər.
            Qonaqlar həmçinin şəhərin “Qəhrəmanlar Parkı”nda olmuş, oradakı “Ana” abidəsi önünə əklil qoymuşlar.   
            Hərbi qulluqçuların, Böyük Vətən, Əfqanıstan və Qarabağ müharibəsi veteranlarının, şəhid ailələrinin, ictimai xadimlərin, ictimaiyyət nümayəndələrinin iştirak etdikləri tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlandı.
            Tədbirdə çıxış edən Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Milli Məclisin deputatları Zahid Oruc və Xanhüseyn Kazımlı gündən-günə qüdrətlənən Azərbaycan ordusundan fəxarətlə bəhs etdilər. Bildirdilər ki, ulu öndər Heydər Əliyevin ordu quruculuğu istiqamətində açdığı yol bu gün Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən qətiyyətlə davam etdirilir, Azərbaycan Silahlı Qüvvələrinin güclənməsi istiqamətində uğurlu siyasət həyata keçirilir. Azərbaycan ordusunun maddi-texniki bazası, müasir silahlarla təminatı, ən əsası şəxsi heyətin döyüş ruhu, mənəvi əhval-ruhiyyəsi işğal altında olan torpaqlarımızın azad ediləcəyinə böyük inam yaradır. Ali Baş Komandan, Prezident İlham Əliyevin dediyi kimi, Azərbaycan öz torpaqlarının bir qarışını da güzəştə getməyəcək, gec-tez öz ərazi bütövlüyünü təmin edəcək.
           Tədbirdə Silahlı Qüvvələrin Mahnı və Rəqs ansamblının, H.Aslanov adına Mərkəzi Zabitlər Evinin solistlərinin, tanınmış incəsənət ustalarının ifasında hərbi vətənpərvərlik mövzusunda mahnılar və rəqslər təqdim edildi.
Xüsusi təyinatlı qrupun döyüş bacarığını nümayiş etdirməsi,  müxtəlif dövrlərin hərbi geyimində olan əsgərlərin kompozisiyası, ifa edilən mahnı və rəqslər iştirakçılarda vətənpərvərlik əhval-ruhiyyəsini daha da artırdı. .
          Tədbir xalqla  Ordunun monolit birliyinin  əsl nümayişinə çevrildi.        

Keçidlər