Şriftin ölçüsü :

Saytın rəngi :

Oktyabrın 15-də Bərdə şəhərində Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və Bərdə Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Dini abidələrdə tarixin izləri – Bərdə İmamzadəsi” mövzusunda elmi-praktik konfrans keçirilmişdir.

15 oktyabr 2014 | 15:00
 

Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül-çiçək dəstələri qoyaraq xatirəsini ehtiramla yad etmişlər.   Bərdə rayon İcra Hakimiyyətinin başçısı, tarix elmləri namizədi Vidadi İsayev konfransı giriş sözü ilə   açaraq  Bilik Fondunun “Dini abidələrdə tarixin izləri” layihəsinə Bərdə İmamzadəsindən başlanmasına və belə yüksək səviyyəli elmi-praktik konfransın keçirilməsinə görə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayevə və Bilik Fondunun rəhbərliyinə  təşəkkürünü bildirmişdir.
  Sonra Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov Fond tərəfindən həyata keçirilən layihələr, o cümlədən “Dini abidələrdə tarixin izləri” layihəsi haqqında məlumat vermişdir. Bildirmişdir ki, layihə çərçivəsində Azərbaycan ərazisində yerləşən məscid, ziyarətgah, kilsə, sinaqoq və məbədlərdə tarixi-elmi tədqiqatlar aparılacaq, abidələr hərtərəfli öyrəniləcək, Azərbaycan tarixi üçün faydalı məqamlar üzə çıxarılacaq, ehtiyac olduqda müəyyən bərpa işləri həyata keçiriləcək. Layihənin əsas məqsədi Azərbaycanda və Qafqazın digər bölgələrində yaşayan əhalinin maarifləndirilməsi, ziyarətgahlar barədə düzgün elmi, tarixi, dini biliklərin verilməsi, milli-dini dəyərlərimizin qorunub saxlanması və gələcək nəsillərə-ötürülməsidir.
  Konfransda AMEA-nın Tarix İnstitutunun Qarabağ tarixi şöbəsinin müdiri Qasım Hacıyev “Bərdə Azərbaycan tarixində”, AMEA-nın Əlyazmalar İnstitutunun şöbə müdiri Möhsün Nağısoylu “Bərdə İmamzadəsi kompleksinin daş və qəbirüstü yazıları”, Bərdə şəhər Cümə məscidinin Axundu Hacı Ramazan Hüseynov “Bərdə İmamzadəsi -dini və mənəvi irsimizin yadigarıdır”, “Fərid-inşaat” firmasının direktoru Sübhan Həsənov “Bərdə İmamzadəsi bu gün və sabah” mövzularında məruzələr etmişlər. Azərbaycan Respublikası Milli Məclisinin deputatı, AMEA-nın Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Xanım Baxşəliyeva. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Mədəniyyət və Turizm Nazirliyinin “Azərbərpa” Elmi-Tədqiqat Layihə İnstitutunun direktoru Telman Kərimli, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İlk Orta əsrlər şöbəsinin müdiri, Bərdə arxeoloji ekspedisiyaların rəisi Arif Məmmədov, Bilik Fondunun Bərdə rayonu üzrə nümayəndəsi Vidadi Süleymanov və başqaları məruzələr ətrafında çıxış etmişlər. Məruzə və çıxışlarda Bərdənin şəhər olaraq 3000 ildən çox yaşı  ilə Azərbaycan tarixində yerindən, görkəmli şəxsiyyətlərindən, abidələrindən, Bərdə İmamzadəsi kompleksinin tikilməsindən, daş və qəbirüstü yazılarından danışıldı, “Dini abidələrdə tarixin izləri” layihəsinin əhəmiyyəti yüksək qiymətləndirildi. Bildirildi ki, Azərbaycandakı dini abidələrin arasında ölkəmizin müxtəlif bölgələrindəki imamzadələr xüsusi yer tutur. Bərdə İmamzadəsində VIII əsrdə yaşamış beşinci imam Məhəmməd Bağırın qız nəvəsi İsmayıl dəfn olunub. İmamzadə abidəsi – qəbirüstü türbə XII əsrdə İbrahim adlı bir tacir tərəfindən inşa edilib. Digər bir məlumata görə, İmamzadə 1322-ci ildə Əhməd ibn Əyyub əl-Hafiz tərəfindən inşa edilib. 1868-ci ildə isə İmamzadə türbəsinin 4 minarəsi şuşalı memar Kərbalayi Səfixan Qarabaği tərəfindən bərpa olunub.
İmamzadənin həyətində Bərdənin bir sıra nüfuzlu şəxsləri dəfn edilib. Bunu 55-ə qədər daş və qəbirüstü yazı sübut edir. Yazıların hamısı ərəb əlifbasında, ərəb, fars, bəziləri isə Azərbaycan dilindədir.    Konfransda yekun sözü ilə çıxış edən Azərbaycan Respublikasının millətlərarası, multikultiralizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev dövlətimizin başçısının fərmanı ilə bir neçə ay əvvəl yaradılan Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun əsas məqsədi və fəaliyyətindən, “Dini abidələrdə tarixin izləri” layihəsinin əhəmiyyətindən danışdı və bərdəliləri layihədə fəal iştirak etməyə çağırdı. Tarixinin izlərinin Bərdədə daha dərinliklərə gedib çıxmasının   qəti şəkildə təsdiq edilməsi üçün bu konfransın başlanğıc üçün uğurlu addım olduğunu bildirmişdir. İndiki məqamda torpaqlarimiza və tariximizə sahibliyin zəruriliyini önə çəkmişdir.
Konfransda mövzu ətrafında müzakirələr aparıldı, iştirakçıları maraqlandıran suallar akademik Kamal Abdullayev tərəfindən cavablandırıldı.
  Konfransdan sonra iştirakçılar Bərdə İmamzadəsi, Bəhmən Mirzə türbəsi və Axsadan baba türbəsinin tarixi qalıqları ilə tanış oldular.

Keçidlər