Qədim Bərdənin tarixi abidələri və müasir inkişafı məktəblilərdə xoş təəssüratlar yaradıb.
11 noyabr 2014 | 16:00
“Ölkəmizi tanıyaq” devizi ilə təşkil olunmuş maarifləndirici tur-aksiyaların ikinci mərhələsi çərçivəsində Qarabağ bölgəsinə səfər edən Nərimanov və Qaradağ rayonlarının məktəbliləri noyabrın 11-də Bərdə rayonuna gəliblər.Qonaqlar Bərdə şəhərinin mərkəzi meydanında rayon ictimaiyyətinin nümayəndələri tərəfindən mehribanlıqla qarşılanıb. Rayon icra hakimiyyəti başçısının müavini Fəqət Şadlinskaya şagirdlərə Bərdənin qədim tarixi, abidələri və müasir inkişafı barədə məlumat verib. Diqqətə çatdırılıb ki, Azərbaycanın ən qədim yaşayış və mədəniyyət məskənlərindən olan Bərdənin 3000 ildən çox yaşı var. Bərdə eramızdan əvvəl II minillikdən başlamış son orta əsrlərə qədər geniş bir dövrü əhatə edən çoxlu maddi mədəniyyət abidələri ilə zəngindir. Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edən məktəblilər rayon ilə tanışlığa tarix-diyarşünaslıq muzeyindən başlayıblar. Məlumat verilib ki, muzeydə Bərdənin tarixini, mədəniyyətini əks etdirən 2200-dən çox eksponat, o cümlədən qədim şəhərin maketi nümayiş etdirilir. Eksponatların bir çoxu şəhərdə aparılmış arxeoloji qazıntılar zamanı tapılıb. Şagirdlər daha sonra Bərdənin tarixi məkanları və görməli yerləri ilə tanış olublar. 1322-ci ildə inşa edilmiş Bərdə türbəsi və VI əsrə aid köhnə şəhər divarları şagirdlərin daha çox marağına səbəb olub. Məlumat verilib ki, orta əsr Azərbaycan memarlığının ən qiymətli abidələrindən olan Bərdə türbəsi bürcvarı türbələr qrupuna daxil olub, yeraltı və yerüstü hissədən ibarətdir. Türbənin gövdəsinin xarici diametri 10 metr, hündürlüyü isə 12,5 metrdir. Məktəblilər sonra İmamzadə kompleksinə gəliblər. Məlumat verilib ki, Bərdə İmamzadəsində VIII əsrdə yaşamış beşinci imam Məhəmməd Bağırın qız nəvəsi İsmayıl dəfn olunub. Daha sonra XIV əsrə aid Axsadan baba türbəsi, Tərtər çayı üzərində VII-IX əsrlərə aid körpü, XIX əsrə aid Şirvanlı kənd hamamı, Nüşabə parkı, şəhərin müasir inkişafı ilə tanış olan məktəblilərə bu yerlər barədə hərtərəfli məlumatlar verilib. Nərimanov rayon 36 nömrəli tam orta məktəbinin XI sinif şagirdi Aytən Novruzlu səfər təəssüratlarını belə ifadə edib: “Bərdə şəhərinə ekskursiyamız olduqca maraqlı idi. Şəhərin tarixi abidələri ilə tanış olduq. Xüsusilə tarix-diyarşünaslıq muzeyi, Bərdə türbəsi, İmamzadə kompleksi və qədim Bərdənin müasir inkişafı məndə yüksək təəssürat yaratdı. Bizə yaratdığı bu şəraitə görə dövlətimizin başçısına minnətdaram”. Qaradağ rayon 288 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi Ramil Abışov dedi: “Qarabağ bölgəsinə ekskursiyamız olduqca mənalı keçir. Füzuli, Ağdam, Ağcabədi rayonlarından sonra Bərdədə olduq. Qədim abidələri, görməli yerləri gəzdik. Burada gördüyümüz hər şey mənim üçün maraqlıdır. Qaldığımız oteldə isə Qarabağ problemi ilə bağlı fikir mübadiləsi keçirildi. Səfər zamanı çox şey öyrəndim. Tur-aksiyanın təşkilatçılarına şagird dostlarım adından minnətdarlığımı bildirirəm”.