Bərdənin tarixi yerləri ilə tanışlıq Bakı məktəblilərinin ürəyincə olub
“Ölkəmizi tanıyaq” devizi ilə təşkil olunmuş maarifləndirici tur-aksiya çərçivəsində Qarabağ bölgəsinə səfər edən Bakının Nərimanov və Qaradağ rayonlarının məktəbliləri ekskursiyanın üçüncü günündə qədim Bərdənin tarixi abidələri ilə tanış olublar.
Bərdə şəhərinin mərkəzi meydanında qonaqların qarşılanma mərasimi keçirilib. Rayon İcra Hakimiyyəti başçısının müavini Fəqət Şadlinskaya şagirdləri salamlayaraq, onlara Bərdənin qədim tarixi, abidələri və müasir inkişafı barədə məlumat verib.
Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edən məktəblilər rayon ilə tanışlığa tarix-diyarşünaslıq muzeyindən başlayıblar. 2200-dən çox eksponatın nümayiş olunduğu tarix-diyarşünaslıq muzeyinə ekskursiya aksiya iştirakçılarında böyük maraq oyadıb. Məktəblilər müxtəlif dövrlərə aid eksponatlara, qədim Bərdə şəhərinin maketinə baxıblar.
Şagirdlər daha sonra Bərdənin tarixi məkanları və görməli yerləri ilə tanış olublar. 1322-ci ildə inşa edilmiş Bərdə türbəsi və VI əsrə aid köhnə şəhər divarları şagirdlərdə daha çox maraq oyadıb.
Sonra İmamzadə kompleksinə gələn məktəblilərə buradakı türbə, ərazidə dəfn olunmuş məşhur şəxslər barədə məlumat verilib. XIV əsrə aid Axsadan baba türbəsi, Tərtər çayı üzərində VII-IX əsrlərə aid körpü, XIX əsrə aid Şirvanlı kənd hamamı, şəhərin müasir inkişafı ilə tanışlıq da aksiya iştirakçılarının ürəyincə olub. Qədim Bərdənin tarixi abidələri və müasir inkişafı onlarda xoş təəssüratlar yaradıb.
Qaradağ rayon 274 nömrəli tam orta məktəbinin XI sinif şagirdi Aytən Qəribova səfər təəssüratlarını belə ifadə edib: “Ekskursiyadan hamımız razıyıq. Bu gün Bərdənin qədim abidələri və tarix-diyarşünaslıq muzeyi ilə tanış olduq. Muzeydəki eksponatlar, Bərdənin qədim maketi, Bərdə türbəsinin memarlıq üslubu, İmamzadə kompleksi məndə yüksək təəssürat yaratdı. Bərdənin müasir inkişafı isə hamımızı valeh etdi. Vətənimizin qədim tarixi ilə fəxr edir, müasir inkişafı ilə qürur duyuruq. Tur-aksiyanın təşkilatçılarına şagird dostlarım adından minnətdarlığımı bildirirəm”.