Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda regional konfrans keçirilir.

19 noyabr 2014 | 16:00
 

Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə noyabrın 19-da Bərdə şəhərində “Ənənəvi İslam dəyərləri və müasirlik” mövzusunda iki günlük regional konfrans işə başlayıb.

Dövlət-din münasibətlərinin daha yüksək səviyyədə tənzimlənməsi, dini maarifləndirmə işinin təşkili, həmçinin dini icmaların cəmiyyətdə radikalizm meyllərinin qarşısının alınması və sosial problemlərin həlli prosesinə cəlb olunması məqsədi daşıyan konfransda Qarabağ bölgəsində fəaliyyət göstərən dini icma sədrləri, imam və axundlar, həmçinin fəal dindarlar və ilahiyyatçılar iştirak edirlər.

Konfransın açılışında çıxış edən Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev ümummilli lider Heydər Əliyev və onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən milli mənəvi dəyərlərimizin inkişafı üçün həyata keçirilən işlərdən danışıb. Bildirib ki, xalqımız əsrlər boyu milli mənəvi və dini dəyərlərini, tolerantlıq mühitini qoruyub saxlayıb. Ölkəmiz dünyada tolerantlıq modelidir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət-din münasibətlərindən, dahi rəhbərin milli mənəvi dəyərlərin qorunması istiqamətində gördüyü misilsiz işlərdən danışıb. Bildirib ki, Azərbaycanda tarixən tolerantlıq mühiti, ayrı-ayrı dinlər və etiqadlar arasında qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlıq münasibətləri hökm sürüb. Azərbaycan dünyəvi, hüquqi və demokratik dövlətdir. Ölkəmizdə dövlət-din münasibətləri zəngin milli-tarixi ənənəyə əsaslanır və beynəlxalq hüquqi normalarla tənzimlənir.

Komitə sədrinin müavini diqqəti dünyada İslam dinini radikalizmə sürükləmək meyllərinin artmasına çəkərək, dini maarifləndirmə işinin vacibliyini vurğulayıb. Qeyd edib ki, gənclərimizi dini və mənəvi-əxlaqi dəyərlərimizə yad olan radikal təriqətlərin təsirindən qorumaq məsuliyyəti daha çox ruhanilərin üzərinə düşür. Cəmiyyətdə dini maariflənə işlərinin lazımi səviyyədə aparılması, gənclərin yad təsirlərdən qorunması üçün din xadimlərinin savadlı, elmli olmaları vacibdir.

“Tarixilik və müasirlik baxımından milli mənəvi dəyərlərimiz”, “Dini müxtəliflik birgə yaşayışın hormonik vəhdəti kimi”, “Dini radikalizm və onun təhlükəli təzahürləri ilə mübarizə” mövzularında panellər üzrə davam etdirilən konfransda məruzələr dinlənilib, müzakirələr aparılıb.

Regional konfrans işini noyabrın 20-də “Ənənəvi İslam dəyərləri və çağdaş problemlər”, “Müasir cəmiyyətdə dini icmaların yeri və rolu” mövzularında plenar iclaslarla davam etdirəcək.

Keçidlər