Şriftin ölçüsü :

Saytın rəngi :

“Orta əsrlər Bərdəsinin tanınmış alimləri” mövzusunda elmi-praktik konfrans keçirilib

20 noyabr 2014 | 16:00

Bərdədə Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Bərdə Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə məşhur Azərbaycanlı alim Əhməd bin Harun Bərdəlinin vəfatının 1100 illiyinə həsr olunmuş “Orta əsrlər Bərdəsinin tanınmış alimləri” mövzusunda elmi-praktik konfrans keçirilib.
Konfransda çıxış edən Bərdə rayon İcra hakimiyyətinin başçısı Vidadi İsayev Bərdənin qədim tarixi, abidələri, görkəmli şəxsləri barədə məlumat verib.
Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri xidmətinin məsləhətçisi Sərraf Hüseynov gənclərin inkişafı üçün reallaşdırılan layihələrdən danışıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyyad Salahlı xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət-din münasibətlərindən bəhs edib.
Konfransda AMEA Şərqşünaslıq İnstitutunun elmi işçisi İlkin Əlimuradovun “Şərqin böyük Azərbaycanlı alimi Əhməd bin Harun Bərdəli”, AMEA-nın Əlyazmalar İnstitutunun şöbə müdiri professor Möhsün Nağısoylunun “Bərdənin tanınmış orta əsr alimləri”, Bərdə şəhər Cümə məscidinin axundu Hacı Ramazan Hüseynovun “Bərdə İmamzadəsi - dini və mənəvi irsimizin yadigarı” mövzularında məruzələri dinlənilib.
Məruzələrdə Bərdənin qədim tarixi, görkəmli şəxsiyyətlərindən, Şərqin böyük Azərbaycanlı alimi Əhməd bin Harun Bərdəlinin həyat və fəaliyyətindən danışılıb. Qeyd olunub ki, orta əsr Bərdə alimlərindən Əbubəkr Əhməd Bərdici, Əbu Səid Əhməd Bərdəi, Əbubəkr Əbüləziz ibn Həsən Bərdəi, Məkki Bərdəi, Əbubəkr Məhəmməd bin Bərdəi, Sədrəddin Sədullah, Bərdəi, Qazi Mühyiddin Bərdəi, Mühyiddin Məhəmməd Bərdəi, Şeyx İbrahim Gülşəni Bərdəi kimi görkəmli alimlər Bərdədə doğulub böyüsələr də sonradan təhsil almaq üçün xilafətin mərkəzi olan Bağdada və Şərqin digər elm mərkəzlərinə üz tutmuş və Vətəndən uzaqda yaşamışlar.
Bildirilib ki, orta əsr tanınmış alimlərindən biri olan Əhməd bin Harun Bərdəli IX əsrdə Bərdədə dünyaya gəlmiş, miladi tarixi ilə 914-cü ildə Bağdad şəhərində vəfat etmişdir. Görkəmli hədis alimi olan Əhməd bin Harun Bərdəli Yaxın Şərq ölkələrini gəzərək təhsilini artırmış, Nişapur, Bağdad və Məkkədə yaşamışdır. Mənbələrin verdiyi məlumata görə o, sakin olduğu yerlərdə həm öyrənmiş, həm də öyrətmişdir. Alimin altı adda kitabı olsa da, dövrümüzə qədər yalnız iki əsəri gəlib çatıb.
Sonra müzakirələr aparılıb.

Keçidlər