Bərdədə narkomaniya, erkən nigah və dini radikalizmə qarşı mübarizə məsələlərinə həsr edilmiş tədbir keçirilmişdir.
Fevralın 20-də Bərdə rayon Mədəniyyət Evində keçirilən maarifləndirici tədbirdə gənclərin narkomaniya, erkənnikah, diniradikalizm və digər bu kimi zərərli meyllərdən uzaqlaşdırılması, bu sahədə qarşıda duran vəzifələr ətraflı müzakirə olunub. Bərdə rayon İcra Hakimiyyəti və rayon Polis Şöbəsinin birgə təşkil etdikləri tədbirdə Bərdə Dövlət İdarəetmə və Texnologiya kollecində təhsil alan tələbə gənclər, orta məktəblərin yuxarı sinif şagirdləri, müəllimlər həmçinin şəhər ictimaiyyətinin nümayəndələri, ziyalılar iştirak ediblər.
Tədbiri giriş sözü ilə rayon Polis şöbəsinin rəisi, Polis polkovniki Hikmət Quliyev açıb. O bildiribki, davamlı olaraq keçirilən belə maarifləndirici tədbirlər gənclər arasında sağlam həyat tərzinin təbliği işini daha da yaxşılaşdırmaq, gənclərdə narkomanlığın fəsadları haqqında düzgün təsəvvürlər formalaşdırmaq, radikal dini təriqətlərə meyllərin artmasının qarşısını almaq, habelə erkən nikahın yaratdığı problemlər barədə gəncləri daha geniş məlumatlandırmaq məqsədi daşıyır.
Sonra rayon Polis şöbəsinin rəisi, Polis polkovniki Hikmət Quliyevin “Narkomaniyaya yox deyək!”, “Erkən nikah və onun fəsadları”, “Dini radikalizmə qarşı mübarizə hər birimizin borcudur” mövzularına həsr edilmiş geniş məruzəsi dinlənilib.
Tədbirdə rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Mürsəl Bağırov, Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktor əvəzi Xaləddin Ələkbərov, rayon Təhsil şöbəsinin müdiri Rzaqulu Şərifov rayon prokuroru, Baş Ədliyyə müşaviri Rəhim Əliyev və başqaları çıxış edərək narkomaniyanın yayılmasına, dini radikalizm və erkən nikah hallarına qarşı hamılıqla mübarizə aparılmasının vacibliyini önə çəkib, bu işdə əmək kollektivlərinin, müəllimlərin, tələbə gənclərin, habelə valideynlərin üzərinə çox böyük vəzifə və məsuliyyətin düşdüyünü xüsusi vurğulayıblar.
Tədbirin sonunda iştirakçıları maraqlandıran məsələlərə aydınlıq gətirilib.