18 oktaybr Müstəqilliyin Bərpası Günü münasibətilə Bərdə rayon Heydər Əliyev Mərkəzində "Müstəqil, çiçəklənən Azərbaycan " adlı tədbir keçirilmişdir.
17 oktyabr 2024 | 16:57
Tədbirdə Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin tələbələri, Bərdə Regional ASAN Xidmət Mərkəzinin könüllüləri ,Bərdə Dövlət Rəsm Qalereyası və Bərdə Mədəniyyət Sarayının əməkdaşları iştirak etmişdir.Tədbir Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlamış, daha sonra iştirakçıların çıxışları ilə davam etmişdir.
Qonaqları salamlayaraq çıxışa başlayan Mərkəzin direktoru Arifət Əhmədova
dövlət müstəqilliyinin bərpasının 33-cü ildönümü münasibətilə təbriklərini səsləndirib. Ötən əsrin 90-cı illərində sovet imperiyasının dağılması ilə dünyanın geosiyasi mənzərəsinin əhəmiyyətli dərəcədə dəyişdiyini qeyd edən A.Əhmədova yaranan qeyri-müəyyən və ziddiyyətli tarixi şəraitdə Azərbaycanın bərpa edilən milli müstəqilliyinin məhz ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində dönməz xarakter aldığını vurğulayıb. Hazırda Azərbaycan qalib və qüdrətli dövlətə çevrilib. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi, qəhrəman əsgər və zabitlərimizin şücaəti sayəsində 44 günlük Vətən müharibəsində qazanılan Zəfər müstəqillik tariximizin ən şanlı səhifələrindəndir. Arifət Əhmədova ərazi bütövlüyünü təmin etmiş müstəqil Azərbaycanın vətəndaşı olmaqdan sonsuz fəxarət hissi keçirdiyini vurğulayıb.
Bərdə Rayon İcra Hakimiyyəti
İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini-Dini qurumlarla işin təşkilatçısı Leyla Mehtiyeva qeyd edib ki, Azərbaycan dövlətçiliyi müstəqillik dövründə müxtəlif çətinliklərlə üzləşib. Müstəqilliyinin bərpası çox ağır və mürəkkəb bir zamanda, Ermənistanın hərbi təcavüzünü dəf etmək şəraitində həyata keçirilib. Yalnız 1993-cü ilin iyun ayında ümummilli lider Heydər Əliyev Azərbaycan rəhbərliyinə gəldikdən sonra dövlət müstəqilliyini möhkəmləndirmək üçün qətiyyətli və məqsədyönlü addımlar atılıb. Son 20 il ərzində isə ümummilli liderin layiqli davamçısı İlham Əliyevin prezidentliyi dövründə Azərbaycan Respublikası bütün sahələrdə böyük uğurlar qazanıb, Qarabağ torpaqları düşmən tapdağından azad edilib.
Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin direktoru Xosrov Musayev çıxışında bildirib ki, 28 may 1918-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan edib. Bildirilib ki, SSRİ-nin süqutu dövründə, yəni 18 oktyabr 1991-ci il tarixində "Azərbaycanın dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktının qəbul edilməsi ilə ölkəmizdə Şərqdə ilk respublikanın varisi kimi Azərbaycan tarixinin yeni dönəmi - müstəqil inkişaf dövrü başlayıb. Ulu Öndərin xalqın istəyi ilə Azərbaycana qayıdışı və müstəqilliyimizin təhlükə altına düşməsinin qarşısını alması, xalqımız üçün misilsiz xidmətlər göstərməsi barədə danışan X.Musayev vurğulayıb ki, Ulu Öndər tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir və onun əbədiliyi təmin edilir.
Yaşat Fondunun nümayəndəsi Şamxal Yaqubov çıxışında Azərbaycan gəncliyinin şanlı zəfərin qazanılmasındakı rolunu xüsusi vurğulayıb, postmüharibə dövründə Qarabağda aparılan quruculuq və bəpra işlərinə də nəzər salıb.
Tədbir bədii hissə ilə davam etmiş, Ak.Zərifə Əliyeva adına texniki fənlər təmayüllü məktəb-liseyin şagirdləri söylədikləri şeirlər, ifa etdikləri mahnılarla vətənə, xalqa və dövlətçiliyə olan sevgilərini nümayiş etdirmişlər.