YAP Bərdə rayon təşkilatı Gənclər Birliyinin, rayon Gənclər və idman idarəsinin və Bərdə Dövlət İdarəetmə və Texnologiya kollecinin birgə təşkilatçılığı ilə II Dünya müharibəsi veteranları ilə görüş keçirilmişdir.
1 may 2015-ci il tarixdə Bərdə şəhər 1 saylı Uşaq İncəsənət məktəbinin konfrans zalında YAP Bərdə rayon təşkilatı Gənclər Birliyinin, rayon Gənclər və idman idarəsinin və Bərdə Dövlət İdarəetmə və Texnologiya kollecinin birgə təşkilatçılığı ilə II Dünya müharibəsi veteranları ilə görüş keçirilmişdir.
Tədbir alman faşizmi üzərində qələbinin 70 illiyinə həsr edilmişdir. Tədbirdən öncə veteranlar və gənclər Qəhrəmanlar parkında “ Ana abidəsi” önünə qərənfil dəstələri qoymuşlar. Tədbiri giriş sözü ilə Dövlət İdarəetmə və Texnologiya kollecinin direktoru Xaləddin Ələkbərov açaraq veteranları qarşıdan gələn bayram günü münasibətilə təbrik etmişdir.
II Dünya müharibəsində həlak olmuş həmyerlilərimizin müqəddəs ruhu bir dəqiqəlik sükutla yad edimiş, Dövlət himni səslənmişdir.
Daha sonra Bərdə rayon Gənclər və İdman idarəsinin rəisi Anar Şahbazov, Dövlət İdarəetmə və Texnologiya Kollecinin tələbə-gənclər təşkilatının sədri Sənan Təhməzzadə çıxış edərək həmvətənlərimizin II Dünya müharibəsində göstərdikləri qəhrəmanlıqların böyüməkdə olan gənc nəslə bir örnək olmasından, onların vətənpərvərlik ruhunda tərbiyə olunmasında əvəzsis rolundan danışmışlar. YAP Bərdə rayon təşkilatı Gənclər birliyinin sədri Fərid Fərzəliyev, Dövlət İdarəetmə və Texnologiya Kollecinin tarix müəllimi Əsli Süleymanova II Dünya müharibəsi barədə tarixi faktlardan, azərbaycan gənclərinin göstərdikləri igidliklərdən və ölkəmizin bu müharibədə qələbəyə verdiyi əvəzolunmaz tövhələrdən danışmışlar. Sonra II dünya müharibəsi veteranı Əjdər Məmmədov keçdiyi şanlı döyüş yolundan danışmış və veteranlar adından tədbir iştirakçılarına dərin minnətdarlığını bildirmişdir.
Müharibə veteranlarına təşkilatçılar tərəfindən hazırlanmış hədiyyələr təqdim olunmuşdur.
Rəsmi hissədən sonra tədbir iştirakçılarına şəhər 1 saylı Uşaq İncəsənət məktəbinin müəllim və şagird kollektivinin birgə hazırladıqları musiqi nömrələri təqdim olunmuşdur.
Tədbir çay və şirniyyat süfrəsi arxasında davam etdirilmişdir.