Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə alov festivalı keçirildi

13 may 2015 | 15:00

Birinci Avropa Oyunlarının məşəli mayın 13-də Yevlaxdan   Bərdəyə gətirilmişdir.
   Bərdə şəhərinin girişindəki Dövlət Bayrağı meydanında birinci Avropa Oyunlarının məşəlinin təntənəli qarşılanma mərasimi oldu.
Bərdə şəhər 1 nömrəli incəsənət məktəbinin müəllimi Səxavət İsmayılov birinci Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul etdi.
Məşəlçilər yol boyu düzülən insanların alqışları ilə məşəli bir-birinə ötürərək şəhərin Nüşabə küçəsi və Heydər Əliyev prospektindən keçməklə, Bərdə türbəsinə, sonra isə Mərkəzi meydana gəldilər. Rayonun fəal gənclərindən olan Fuad Ağayev səhnəyə qalxaraq, birinci Avropa Oyunlarının məşəlini alovlandırdı. Oyunların sonuna qədər şəhərdə qalacaq çıraq rayon ictimaiyyətinə təqdim edildi.
Əsl xalq bayramına çevrilən Alov festivalında birinci Avropa Oyunlarının məşəlinin Bakıda Atəşgah məbədində alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirildi.
Tanınmış incəsənət ustalarının və rayon musiqiçilərinin konsert proqramı bərdəlilərin bayram sevincini daha da artırdı. 50 min nəfərə yaxın insanın izlədiyi festival, o cümlədən idmançıların nümunəvi çıxışları, təqdim olunan mahnı və rəqslər, Alov şousu bərdəlilərdə xoş ovqat yaratdı.
Məşəl yürüşündə iştirak edən sonuncu məşəlçi Fuad Ağayev təəssüratlarını  bölüşərək dedi: “Birinci Avropa Oyunlarının məşəlini daşıyanlardan biri də mən olduğum üçün qürur hissi keçirirəm. İlk Avropa Oyunlarına Azərbaycanın ev sahibliyi etməsi ölkəmizin dünyada qazandığı nüfuzdan xəbər verir. Bu əlamətdar hadisə Azərbaycanın tarixinə parlaq səhifə kimi həkk olunacaq. Birinci Avropa Oyunları ölkəmizin dünyada tanıdılmasına, milli mədəniyyətimizin nümayişinə şərait yaradacaq, bütün dünya Azərbaycanı izləyəcək. Birinci Avropa Oyunlarının alovu bütün insanları, bütün dünyanı birliyə, həmrəyliyə, dostluğa çağırır”.
Alov festivalı atəşfəşanlıqla başa çatdı.

Keçidlər