Daxili işlər naziri Bərdə Rayon Polis Şöbəsində qəbul keçirib.
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, daxili işlər naziri, general-polkovnik Ramil Usubov mayın 30-da Bərdə Rayon Polis Şöbəsində polis orqanlarının fəaliyyəti ilə bağlı məsələlərlə əlaqədar növbəti qəbul keçirib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən qəbulda Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Şuşa, Laçın, Beyləqan, Füzuli, Xocavənd, Goranboy, Naftalan, Xocalı şəhər və rayonlarından olan sakinlərin, həmçinin qaçqın və məcburi köçkünlərin bir qrupu iştirak edib.
General-polkovnik Ramil Usubov vətəndaşları narahat edən problemlərin operativ, qanunvericiliyə uyğun şəkildə həlli üçün nazirliyin tədbirdə iştirak edən aidiyyəti Baş İdarə, idarə və adları çəkilən ərazi polis orqanlarının rəislərinə konkret tapşırıqlar verib. Polis fəaliyyətinə aid olan müraciətlərin böyük əksəriyyəti yerindəcə həllini tapıb. Digər ərizələrin müvafiq dövlət qurumlarına göndəriləcəyi diqqətə çatdırılıb.
Eyni zamanda, kütləvi informasiya vasitələrində əvvəlcədən verilmiş elanlara uyğun olaraq, həmin şəhər və rayonlarda yaşayan, polisin sıravi və kiçik rəis heyəti vəzifələrində və Daxili Qoşunların sıralarında xidmət etmək arzusunda olan 930 nəfər qəbulda iştirak edib. Onların arasından xidmətə daha yararlı və hazırlıqlı 100 gənc seçilib. Həmin şəxslərin sənədlərinin hazırlanması üçün aidiyyəti xidmətlərin rəhbərlərinə müvafiq göstəriş verilib.