21.05.2025-ci il tarixdə Bərdə Rayon İcra Hakimiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax regional bölməsi, Bərdə rayonu üzrə gənclər və idman sektoru və Bərdə Peşə Təhsil Mərkəzinin birgə təşkilatçılığı ilə Bərdə Dövlət Peşə Təhsil Mərkəzində "İnsan hüquqları aylığı" çərçivəsində "Dini dözümlülük və insan hüquqları" mövzusunda tədbir keçirilib
Tədbir başlamazdan öncə Ümummilli Liderin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən natiqlər bildiriblər ki, hər il Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə may ayının 18-dən iyun ayının 18-dək "İnsan hüquqları Aylığı" elan olunur, aylıq çərçivəsində təşkil olunan tədbirlərdə ölkəmizdə insan hüquqlarının təbliği, eləcə də əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsi və onların problemlərinə toxunulur. Çıxışlar zamanı qeyd olunub ki, müasir cəmiyyətdə dini etiqad azadlığının təmin edilməsi və dini tolerantlığın bərqərar olunması baxımından din və insan hüquqlarının qarşılıqlı əlaqəsinin təhlili, bu əlaqələrdən yaranan müxtəlif məsələlərin müzakirəsi böyük əhəmiyyət kəsb edir. Dini dözümlülüyün inkişaf etdirilməsi, o cümlədən dini radikalizm, ekstremizmin qarşısının alınması və milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması, o cümlədən hüquqlarımızın öyrənilməsi sahəsində gənclərimizi maarifləndirmənin əhəmiyyətindən bəhs edilib. Tədbir diskussiya formatında davam edib.