Heydər Əliyev Mərkəzində Milli Qurtuluş Günü qeyd olunmuşdur.
Bərdə şəhərindəki Heydər Əliyev Mərkəzində 15 İyun - Milli Qurtuluş Gününə həsr edilmiş tədbir keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzərək, xatirəsini ehtiramla yad etmiş, Heydər Əliyev Mərkəzində dahi rəhbərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanış olmuşlar.
Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçisi F.Əzizov tədbiri açaraq ulu öndər Heydər Əliyevin 1993-cü il iyunun 15-də Azərbaycanda hakimiyyətə qayıdışının tarixi əhəmiyyətindən danışmış, o zaman ölkədə baş verən hadisələri bir daha xatırlatmışdır.
Bildirmişdir ki, dahi rəhbərin müdrik siyasəti nəticəsində Azərbaycan parçalanmaq təhlükəsindən qurtarmış, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi və mədəni həyatında əsaslı dönüş başlanmış, əmin-amanlığa və siyasi sabitliyə nail olunmuşdur. Qeyd etmişdir ki, müstəqil Azərbaycan Respublikası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edir, gündən-günə çiçəklənir, qabaqcıl dünya dövlətləri sırasında öz yerini daha da möhkəmləndirir.
Tədbirdə rayon Gənclər və İdman İdarəsinin rəisi A.Şahbazov, Böyük Qacar kənd ümumi orta məktəbin direktoru İ.Əzimov və başqaları çıxış edərək bu günün tarixi əhəmiyyətindən danışmışlar.
Tədbir şəhər 2 saylı Uşaq incəsənət məktəbinin şagirdlərinin ifasında kompozisiya ilə davam etmişdir.