Bərdə rayonunda “Təkrar əkinlərin əhəmiyyəti və tətbiqi” mövzusunda respublika müşavirəsi keçirilib.
Tədbirdə Kənd Təsərrüfatı Nazirliyi Aparatının bitkiçilik, heyvandarlığın inkişafı, kənd təsərrüfatına dövlət dəstəyi və texniki siyasət şöbələrinin, Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin, Dövlət Fitosanitar Nəzarəti Xidmətinin, “Aqrolizinq” ASC-nin, Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin, aidiyyəti elmi-tədqiqat institutlarının, yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, eləcə də fermer və sahibkarlar iştirak ediblər.
Kənd Təsərrüfatı Nazirliyi Aparatının bitkiçilik şöbəsinin müdiri İmran Cümşüdov, heyvandarlığın inkişafı şöbəsinin müdiri Qalib Əbdüləliyev, texniki siyasət şöbəsinin müdir müavini Köçəri İmanov, Elmi-Tədqiqat Əkinçilik İnstitutunun Tərtər Bölgə Təcrübə Stansiyasının direktoru Mehman Babayev və başqaları müşavirədə çıxış edərək, taxıl məhsullarının itkisiz yığımı və təkrar əkinlərin əhəmiyyəti, yem istehsalında mövcud vəziyyət və potensial imkanlar, texnika parkının mövsümə hazırlıq vəziyyəti, mütərəqqi aqrotexnologiyaların geniş tətbiqinin aqrar sahənin inkişafında rolu, əkinlərə subsidiyaların verilməsi mexanizmi və digər məsələlərdən danışıblar. Çıxışlarda Azərbaycan Respublikası Prezidentinin “Bitkiçiliyin inkişafına dövlət dəstəyinin gücləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2015-ci il 15 aprel tarixli Sərəncamına əsasən istehsalçılara əkin sahəsinin becərilməsində istifadə etdikləri yanacaq və motor yağlarına görə verilən yardımların, habelə “Aqrolizinq” ASC və digər hüquqi və fiziki şəxslər tərəfindən mineral gübrələrin güzəştlə satılmasına görə verilən subsidiyaların təkrar (aralıq) əkinlərə də şamil edilməsinin aqrar sahənin inkişafında mühüm əhəmiyyətindən bəhs edilib.
Müşavirədə iştirakçıların sualları cavablandırılıb və qarşılıqlı fikir mübadiləsi aparılıb.