Bərdədə seçki hüququ ilə bağlı ictimai dinləmələr keçirilmişdir.
Bərdədə Azərbaycan Respublikasının insan hüquqları üzrə Müvəkkil (Ombudsman) Aparatı Mərkəzi Seçki Komissiyası ilə birgə Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının tətbiqi vəziyyətinin müzakirəsi və seçki hüququ ilə bağlı regional maarifləndirmə tədbiri keçirilmişdir.
Tədbirdə Tərtər, Ağdam, Saatlı, Kürdəmir, Füzuli, Zərdab, Sabirabad, Ağcabədi, Beyləqan, İmişli, Ucar rayonlarının İcra Hakimiyyəti başçılarının müavinləri, dairə seçki komissiyalarının sədrləri, bələdiyyə və yerli vətəndaş cəmiyyəti qurumlarının rəhbərləri iştirak etmişlər.
Tədbiri giriş nitqi ilə açan Bərdə rayon İcra Hakimiyyəti başçısının müavini Fəqət Şadlinskaya tədbir iştirakçılarını salamlamış, cari ilin noyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilər ərəfəsində Ombudsman təsisatı və MSK-nın təşkilatçılığı ilə keçirilən ictimai dinləmələrin seçkilərin təşkilinə məsul qurumların seçki hüququ ilə bağlı maarifləndirilməsi baxımından böyük əhəmiyyət daşıdığını önə çəkmişdir.
Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı, MSK Katibliyinin təşkilat şöbəsinin əməkdaşı Faiq Bəşirov mövzu ilə bağlı məruzə etmişlər.
Tədbir diskussiya şəraitində keçmişdir.