Bərdədə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə böyük bayram tədbiri keçirildi.
31 dekabr –Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl münasibəti ilə Rayonun Mərkəzi meydanında keçirilən tədbirdə rayon İcra Hakimiyyətinin başçısı, YAP rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və nümayəndələri– cəmi 9 min nəfərdən çox rayon sakinləri iştirak etmişdir.
Tədbir rayonun mədəniyyət və incəsənət xadimlərinin çıxışı ilə başlamış, tədbirdə rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev çıxış etmişdir.
Hər il olduğu kimi, bu il də xalqımızın Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününü və Yeni ili böyük ruh yüksəkliyi ilə qeyd etdiyini bildirən rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edildiyini bildirmişdir. Qeyd etmişdir ki, Ümummilli lider Heydər Əliyevin 2001-ci il mayın 23-də imzaladığı sərəncama əsasən 2001-ci il noyabrın 9-10-da Bakıda keçirilmiş Dünya Azərbaycanlılarının birinci Qurultayı milli həmrəyliyimizin nümayişinə çevrilmiş, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin, həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmalarının, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi üçün şərait yaratmışdır. Qurultayda ümummilli liderimiz Heydər Əliyevin “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam!!!” ifadəsi bu gün xalqımızın həyat amalına çevrilmişdir. Ümummilli lider Heydər Əliyevin milli birlik və azərbaycançılıq ideyaları bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin dünya azərbaycanlılarının həmrəyliyinə verdiyi önəmin nəticəsidir ki, bu gün Azərbaycan dünyanın say-seçmə ölkələri sırasına çıxmışdır.
Ölkəmizin iqtisadi-sosial uğurları artdıqca xalqımızın güzəranı daima yüksəlir, mədəniyyəti çiçəklənir, öz imzasını mötəbər hesabatlara, proqramlara yazır. Azərbaycan xalqı möhtərəm Prezidentimiz İlham Əliyevi ölkədə baş verən intibahın, əmin-amanlığın və sülhün qarantı hesab edir, ona güvənir. Çünki xalq öz həyatında, taleyində baş vermiş intibahın, Azərbaycanı parlaq sabaha yaxınlaşdıran siyasi kursun əhəmiyyətini yaxşı dərk edir və bu siyasəti yekdilliklə dəstəkləyir.
Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə rayonumuz da sürətlə inkişaf edir, əhalinin sosial-iqtisadi problemləri sürətlə həll edilir. 2015-ci ilin martında respublikamızın möhtərəm Prezidenti cənab İlham Əliyev rayonumuza səfər etmiş, 47 hektar ərazidə salınmış Heydər Əliyev Park-bulvarının, Bərdə Regional ASAN Xidmət Mərkəzinin, 1saylı Uşaq İncəsənət musiqi məktəbinin, Həsənqaya kəndi ərazisində məcburi köçkünlər üçün tikilmiş yaşayış məhəlləsinin, Mollaisalar –Vəliuşağı kəndlərinin açılışlarında iştirak etmiş, Bərdədə gedən işlərdən razı qaldığını bildirmişdir. Bu bizi öz işimizə daha məsuliyyətlə yanaşmağa sövq edir, daha böyük işlər görməyə ruhlandırır. Biz çalışacağıq ki, ölkəmizdə aparılan tikinti-abadlıq işlərində öndə gedək. Bütün bunlar ümummilli lider Heydər Əliyev dühasının yaratdığı və möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən ardıcıllıqla həyata keçirilən siyasi xəttin nəticəsidir.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev çıxışının sonunda tədbir iştirakçılarının şəxsində bütün Azərbaycan xalqını, rayon sakinlərini hər iki bayram münasibətilə təbrik etmiş, uzun ömür, can sağlığı, işlərinində uğurlar arzulamışdır.
Tədbirdə 2015-cü ildə əldə etdiyi nailiyyətlərə görə 12 nəfərə rayon İcra Hakimiyyətinin fəxri fərmanları təqdim edilmiş, 100 nəfərə qiymətli hədiyyə verilmiş, tədbir iştiraçılarına “Şaxta baba” hədiyyələri paylanmışdır.
Tədbir Bərdə Mədəbiyyət Mərkəzi “Qarabağ” xalq çalğı alətləri ansamblı üzvlərinin, rayonun incəsənət adamlarının, bədii özfəaliyyət dərnəklərinin, uşaq musiqi məktəbləri kollektivlərinin rəngarəng çıxışları ilə müşayət olunmuşdur.