26 İyun Silahlı Qüvvələr Günü münasibətilə N saylı hərbi hissədə tədbir keçirilmişdir
26 iyun 2022 | 08:46
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər. Silahlı Qüvvələr Günü ilə əlaqədar rayon UGİM-nin təşkil etdiyi sərgiyə baxış keçirilmiş və respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Azərbaycan Respublikası Dövlət Himni səsləndirilib.
Tədbirdə rayon İcra Hakimiyyəti nümayəndələri, YAP Bərdə rayon təşkilatının fəalları, hüquq mühafizə orqanlarının rəhbərləri, hərbiçilər, şəhid ailələri, qazilər və digər təşkilatların nümayəndələri iştirak etmişlər.
Bərdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vahid Qarayev, Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova, millət vəkili Fatma Yıldırımın köməkçisi Fuad Ağayev, QHT və İctimai birliklərin rəhbərləri və şəhid anaları çıxış edərək Ümummilli Lider Heydər Əliyevin əvəzsiz səyləri ilə nizami ordunun yaradılması, bu sahə üçün peşəkar kadr hazırlığı istiqamətində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə əhəmiyyətli və ölçüyəgəlməz tədbirlərin görülməsi, Azərbaycan ordusunun dünyanın ən güclü orduları arasında yer alması və 44 günlük Vətən müharibəsində qazanılmış parlaq Qələbə barədə ətraflı danışmış, möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə etmişlər.
Sonda xidmətdə fərqlənən zabit və əsgərlərə Bərdə Regional Mədəniyyət İdarəsi, QHT və İctimai birliklər tərəfindən fəxri fərman və millət vəkili Fatma Yıldırımın adından qiymətli hədiyyələr təqdim olunmuşdur.
Tədbir musiqi və hərbiçilərin göstərdiyi nömrələrlə müşayiət olunmuşdur.