Bərdə şəhidini dəfn etdi.
5 aprel 2016-cı il tarixdə cəbhənin Füzuli rayonu istiqamətində erməni silahlı qüvvələrinin torpaqlarımıza qəfil hücumunun qarşısını alarkən gedən ağır döyüşlərdə qəhramancasına şəhid olan Azərbaycan ordusunun baş leytenantı Həsənov Ziya Niyazi oğlu bu gün böyüyüb boya-başa çatdığı Bərdə şəhərində torpağa tapşırılmışdır.
Dəfn mərasimində Bərdə Rayon İcra Hakimiyyətinin Başçısı Vidadi İsayev, hüquq mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bərdə rayon şöbəsinin əməkdaşları, şəhidin xidmət etdiyi hərbi hissənin zabit və əsgərləri, rayon ictimaiyyətinin nümayəndələri, Qarabağ müharibəsi veteranları və şəhidin doğmaları, minlərlə insan iştirak etmişdir.
Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mənəvi-Psixoloji hazırlıq və ictimaiyyətlə əlaqələr idarəsinin rəis müavini, polkovnik Abdulla Qurbani, Bərdə rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev vida mərasimində çıxış edərək şəhidin ailəsinə dərin hüznlə başsağlığı vermiş və bildirmişlər ki, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş bütün əsgərlərimizin qisası güclü və qüdrətli ordumuz tərəfindən düşməndən alınır. Mərasimdə müharibə veteranı Gəray Əsədov, şəhid Ziya Həsənovun təhsil aldığı şəhər 4 saylı tam orta məktəbin müəllimi Tofiqə Məmmədova, şəhidin atası Niyazi Həsənov çıxış edərək torpağımızın belə oğulların qanı ilə Vətən olduğunu bildirmiş, şəhid olmuş oğullara rəhmət diləmiş, onların əziz xatirəsinin daim qəlblərdə yaşayacağını bildirmişlər.
Şəhid zabit Ziya Həsənovun nəşi Bərdə Şəhidlər qəbristanlığında torpağa tapşırılmışdır. Onun tabutu üzərindəki bayraq əbədi saxlanılmaq üçün atası Niyazi Həsənova təqdim edilmişdir. Yaylım atəşi açıldıqdan sonra şəhid zabit torpağa tapşırılmışdır. Dəfn mərasiminin sonunda Dövlət Himni səsləndirilmişdir.