Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdədə “Gənclik və dövlət müstəqilliyi: gələcəyə baxış” mövzusunda regional Forum keçirilib.

12 aprel 2016 | 16:00
Bərdə şəhərində Gənclər və İdman Nazirliyi tərəfindən “Gənclik və dövlət müstəqilliyi: gələcəyə baxış” mövzusunda regional Forum keçirilib.
Forumda Yuxarı Qarabağ, Kəlbəcər-Laçın iqtisadi rayonlarına daxil olan rayon və şəhərlərin, habelə Bərdə və ətraf rayonların gənclər və idman idarələrinin əməkdaşları, gənclər təşkilatlarının nümayəndələri, fəal gənclər iştirak edib.
Forum iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə tər çiçəklər düzüblər. Sonra istedadlı və yaradıcı gənclərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib.
Tədbirdə çıxış edən Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Fəqət Şadlinskaya ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıdan, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və Prezident İlham Əliyev tərəfindən davam etdirilən dövlət gənclər siyasətindən, Azərbaycançılıq ideyasından danışıb. Bildirib ki, ölkəmizin hər yerində olduğu kimi Bərdə rayonunda da dövlət gənclər siyasəti uğurla həyata keçirilir. Gənclərin məşğulluğunun təmin edilməsi, təhsili, hərtərəfli inkişafı, vətənpərvər ruhda tərbiyəsi istiqamətində ardıcıl işlər görülür.
Gənclər və İdman Nazirinin müavini İntiqam Babayev çıxışında bildirib ki, bu gün xalqımız öz tarixinin şanlı səhifəsini yaşayır. Son günlər cəbhədə baş verənlər Azərbaycan dövlətinin, ordumuzun qüdrətini nümayiş etdirdi. Xalqımızın, gənclərin yüksək vətənpərvərlik ruhunun şahidi olduq. Eyni zamanda dövlət başçısının apardığı uğurlu siyasətin nəticəsi olaraq, dünya miqyasında Azərbaycana dəstək göstərildi.
İntiqam Babayev qeyd edib ki, bu gün Azərbaycan gənci nəinki ölkə daxilində gedən proseslərdə fəallıq göstərir, eləcə də beynəlxalq miqyasda müxtəlif sahələrdə ölkəmizi layiqincə təmsil edir.
Davos formatında keçirilən Forum panel müzakirələri ilə davam edib. İqtisadiyyat Nazirlirliyinin nümayəndəsi Anar Məmmədovun, Təhsil Nazirliyinin nümayəndəsi Fuad Qarayevin, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının nümayəndəsi Şəmsi Gülverdinin və Gənclər Təşkilatı Milli Şurasının nümayəndəsi Seymur Hüseynovun iştirakı ilə keçən panel müzakirələrində Azərbaycanda, o cümlədən Yuxarı Qarabağ, Kəlbəcər-Laçın iqtisadi rayonlarına daxil olan rayon və şəhərlərində, habelə Bərdə və ətraf rayonlarında gənclər arasında vətənpərvərlik, azərbaycançılıq, dövlətçilik, dünyəvilik ideyalarının təbliğ edilməsi, dövlət gənclər siyasətinin regionlarda həyata keçirilməsi, təhsil və gənclərin intellektual inkişafı, regionlarda gənclərin sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi və məşğulluğu, vətəndaş cəmiyyətinin formalaşmasında gənclərin iştirakı mövzuları, habelə gələcək dövrdə qarşıda duran mühüm məsələlərlə bağlı müzakirələr aparılıb.
Gənclər müzakirə olunan mövzularla, həmçinin aprelin əvvəllərində cəbhədə baş verən hadisələrə bağlı fikirlərini ifadə ediblər. Bildirilib ki, Azərbaycan gəncliyi Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğal altında olan torpaqlarımızın azadlığı uğrunda mübarizəyə, döyüşlərə atılmağa hazırdır.
Regional Forumda dövlət gənclər siyasətinin həyata keçirilməsində fəallığına görə bir qrup gəncə fəxri fərmanlar təqdim edilib. Forum konsert proqramı ilə başa çatıb.
Keçidlər