30.10.2025-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Yevlax regional bölməsi, Qarabağ Regional Gənclər və İdman İdarəsinin Bərdə rayonu üzrə gənclər və idman sektoru və Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecinin birgə təşkilatçılığı ilə Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində “Möhkəm ailə münasibətlərinin əsası: gender bərabərliyi və qarşılıqlı hörmət” adlı mövzuda seminar keçirilib.
31 oktyabr 2025 | 14:45
Tədbirdə Bərdə RİH yanında yaradılmış Ailə, Qadın və Uşaq Problemləri üzrə Komissiyanın sədri Səfura Hümbətova, DQİDK-nın Yevlax regional bölməsinin əməkdaşı Məhəmməd Rəşidov, Bərdə rayonu üzrə gənclər və idman sektorunun müdiri Aydın Qasımov və əməkdaşı Fidan Nəsirli, Kollecin direktoru Xosrov Musayev, müəllim və tələbələr iştirak ediblər.
Çıxışlar zamanı bildirilib ki, Azərbaycan xalqının çox gözəl və zəngin ailə ənənələri var. Həmin ailə ənənələri sədaqət, dürüstlük, valideynə, böyüyə hörmət, kiçiklərə qayğı, tolerantlıq kimi zəngin və çoxşaxəli xüsusiyyətlərə malikdir. Bu baxımdan ailə, istər şəxsiyyət, istərsə də bütövlükdə cəmiyyət üçün əhəmiyyəti artmaqda olan ümumbəşəri dəyər, mədəni irsin, əxlaqi norma və qaydaların ötürücüsü rolunu oynayır.
Vurğulanıb ki, möhkəm və sağlam əsaslar üzərində qurulan ailələrin olduğu cəmiyyətlər daha güclü olur. Bu baxımdan Azərbaycan ailəsi uzunömürlülüyü və möhkəmliyi ilə dünyaya gözəl nümunədir. Tədbir zamanı respublikamızda gender bərabərliyinin təmin olunması məsələsinə xüsusi diqqət yetirildiyi, əhalinin digər kateqoriyalarının hüquqları ilə yanaşı, qadın hüquqlarının daha etibarlı müdafiəsi və təbliği, o cümlədən onların ölkənin ictimai-siyasi həyatında iştirakının dəstəklənməsi, qadın və kişilər arasında bərabər imkanlara nail olunması istiqamətində davamlı tədbirlərin həyata keçirildiyi iştirakçıların diqqətinə çatdırılıb.






