Bərdə rayon İcra Hakimiyyətində qanunsuz fəaliyyət göstərən diş kabinələri ilə bağlı müşavirə keçirildi.
Bərdə rayon İcra Hakimiyyətində qanunsuz fəaliyyət göstərən diş kabinələri ilə bağlı müşavirə keçirildi.
Martın 14-də rayon İcra Hakimiyyətində bəzi diş kabinələrinin
qanunsuz fəaliyyəti ilə bağlı keçirilən müşavirədə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev rayonda bu məqsədlə keçirilən monitorinqlə bağlı məlumat verdi. Bildirdi ki, son günlər Bərdə rayonunda qanunsuz fəaliyyət göstərən “stmotoloqlarla” bağlı İcra Hakimiyyətinə 20-ə yaxın şikayət məktubu daxil olub. Həmin şikayətlərdə bildirilir ki, heç bir ali təhsili olmayan, bir neçə ay diş həkimi yanında bu işi öyrənən bəzi şəxslər öz həyətlərində və ya evlərinə yaxın ərazidə balaca kabinələr hazırlayaraq xəstələri qəbul edirlər. Pasientlərə “stomotoloji yardım” göstərə biləcəklərini iddia edirlər. Ancaq həkim təcrübəsizliyi bir yana qalsın, sözügedən kabinələrdə otaq temperaturu, gigiyena və digər zəruri normalara riayət edilmir və müraciət edən xəstələrin həyatı təhlükə altına atılır. Belə “diş həkimlərinin” sayı günü-gündən artmağa davam edir. Belə ki, aldığımız məlumata görə, Bərdənin 20 kəndində 140- a yaxın qanunsuz fəaliyyət göstərən “stomotoloqlar” aşkar edilib. Bu yaxınlarda Bərdənin Yeni Daşkənd kəndində çənə əməliyyat zamanı həkimin zəruri normalara riayət etməməsi səbəbilə xəstənin səhhətində prolem yaranıb və həmin şəxs hələ də ağrılardan əziyyət çəkir. Başqa 2 kənddə aparılan “stomotoloji əməliyyatda” 2 pasient “Hepatit C” virusuna yoluxub və onların vəziyyəti indiyədək ağır olaraq qalır. Bu məsələnin həll olunması məqsədilə Bərdə RİH, Bərdə rayon Mərkəzi Xəstəxanası, polis əməkdaşları və özəl fəaliyyət göstərən 5-ə yaxın klinika birgə monitorinq təşkil edərək həmin “həkimləri” ifşa ediblər.
Müşavirədə monitorinq üzrə komissiyanın sədri, rayon İcra Hakimiyyətinin məsul işçisi Eldəniz Səfərov, MRX-nin baş həkimi Rəna Mustafayeva, həkim –stomotoloqlar Raziyə Ravəndi, Ramizə Bəylərova, Vaqif Hüseynov, İbrahim Əhmədov, İlqar Bəylərov, diş texnikləri Əli Quliyev, Ərəstun Əliyev çıxış edərək bildirdilər ki, bu insanlar nəinki Bərdə rayonu adına, ümumilikdə Azərbaycan Səhiyyəsi adına qara ləkədirlər. Biz daim belə işbazlara qarşı mübarizə aparmışıq, bundan sonra da aparmağa davam edəcəyik. Bu insanlar sahibkar deyillər, yalandan özlərini “diş həkimi” kimi təqdim edən işbazlardır. Bu məsələ son günlər rayon sakinlərimizi narahat edən əsas məsələlərdən idi. Biz rayon rəhbərliyinə və digər aidiyyati qurumlara bu monitorinqi təşkil etdiklərinə görə təşəkkürümüzü bildiririk.
Sonda qanunsuz fəaliyyət göstərən stomotoloqlara bütün hüquqi qaydalar çərçivəsində öz fəaliyyətlərini rəsmiləşdirmələri üçün 1 ay müddət veriımişdir və bildirilmişdir ki, əks halda onların inşa etdiyi kabinələr söküləcək və həmin şəxslər aidiyyati qurumlar tərəfindən məsuliyyətə cəlb olunacaqlar. Əgər sənədləşmə prosesində hər hansı maneə yaranarsa, İcra Hakimiyyəti tərəfindən həmin şəxslərə yardım göstərilicəyi də bildirilmişdir.