Bərdədə “Vətənin müdafiəsinə hazıram” adlı tədbir keçirilmişdir.
Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Bərdə rayon İcra Hakimiyyəti tərəfindən Bərdə Mədəniyyət Mərkəzində hərbi vətənpərvərlik mövzusunda kütləvi tədbir keçirilmişdir. Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini, general-mayor N.Orucov, həmin Xidmətin Bərdə, Ağdam, Tərtər, Yevlax rayonları üzrə rəisləri, İcra Hakimiyyəti başçılarının müavinləri, həmin rayonlardan olan məktəblilər, hərbi hissələrin nümunəvi əsgərləri, müəllimlər və ictimaiyyət nümayəndələri iştirak etmişlər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlamışdır.
Tədbirdə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə Bərdə rayon İcra Hakimiyyəti başçısının müavini Fəqət Şadlinskaya giriş nitqi söyləyərək qonaqları salamlamış, hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsinin zəruriliyini xüsusi vurğulamışdır.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini, general mayor N.Orucov Milli Ordu quruculuğu sahəsində görülən işlər, Ordu ilə xalqın birliyi, gənclərdə hərbi vətənpərvərlik hissinin artırılması barədə danışmışdır.
Digər çıxış edən natiqlər – Bərdədən şəhid atası Həsənov Niyazi, şəhər 5 saylı tam orta məktəbin Çağırışaqədərki hərbi hazırlıq fənni müəllimi Kərimov Raqub, müharibə veteranı Gəray Əsədov və başqaları torpaqlarımızın işğaldan azad olunması üçün möhtərəm Prezidentimiz, Ali Baş komandan cənab İlham Əliyevin ətrafında daha sıx birləşməyin vacibliyindən danışmışlar.
Tədbirdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən Xatirə təşəkkür plaketləri, “Vətənin bütövlüyü uğrunda xidmətlərinə görə”, “Xidmətdə fərqləndiyinə görə” mükafatları sahiblərinə təqdim edilmişdir.
Bərdə rayon məktəbliləri kompozisiya, şer və rəqslərlə tədbirə rəng qatmışlar.
Sonda “Ya Qarabağ, ya ölüm” filmindən fraqmentlər göstərilmiş, Şəmistan Əlizamanlı Vətənə məhəbbət ruhunda olan mahnılar ifa etmişdir.