Bərdədə “İslam həmrəyliyinin təbliğində dini icmaların fəaliyyətinin başlıca istiqamətləri” mövzusunda tədbir keçirilmişdir.
Tədbiri giriş sözü ilə açan Bərdə Rayon İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Fəqət Şadlinskaya dövlət-din münasibətlərinə toxunaraq bildirmişdir ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan din siyasətinin başlıca məqsədi Azərbaycanda dinlər arasında mövcud olan tolerantlıq mühitini qoruyub saxlamaqdır. O qeyd emişdir ki, hazırda ölkəmizdə, o cümlədən bölgədə dini sabitliyin hökm sürməsi həmin siyasətin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. O, milli-mənəvi dəyərlərimizin qorunmasının vacibliyini, İslam həmrəyliyi ilində dini maarifləndirmə işinin gücləndirilməsinin zəruriliyini diqqətə çatdıraraq vurğulamışdır ki, dini etiqad azadlığının təmin olunması, bölgədə dini icmalar arasında qarşılıqlı əlaqələrin yüksək səviyyədə qurulması üçün lazımi tədbirlər həyata keçirilir.
Dövlət Komitəsi sədrinin birinci müavini Səyyad Salahlı məruzəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2017-ci ilin ölkəmizdə "İslam Həmrəyliyi İli” elan edilməsi ilə əlaqədar Sərəncamından irəli gələn vəzifələrin icrası məqsədilə, eyni zamanda məzhəblər arasında dini tolerantlığın qorunması, həmrəyliyin təmin edilməsi və dini radikalizmə qarşı mübarizənin gücləndirilməsi sahəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilən silsilə tədbirlərin əhəmiyyətinə toxunub. Sədrin birinci müavini Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uzaqgörən siyasət nəticəsində mütərəqqi dini dəyərlərin cəmiyyətdə daha da möhkəmləndirilməsi, insanların dini etiqad azadlığının yüksək səviyyədə təminatı istiqamətində bütün zəruri addımların atıldığını qeyd edib, bu istiqamətdə dini icmalara fəal olmağı tövsiyə edib.
Seminar-müşavirə iştirakçıları maraqlandıran sualların cavablandırılması ilə yekunlaşıb.