Zümürxan kəndində Bərdə Rayon İcra Hakimiyyəti Başçısının səyyar qəbul-görüşü olmuşdur.
07 iyun 2018 | 16:00

Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək respublikamızda gedən sosial-iqtisadi inkişafın xalqımızın rifah halının yaxşılaşmasına təsirindən, həmçinin Zümürxan kəndində görülən işlərdən, sakinlərinin məşğuliyyətindən, kənddə mövcud olan sosial obyektlərin vəziyyətindən danışmış, bütün rayon sakinləri adından ölkə Prezidentinə dərin minnətdarlığını bildirmişdir. Bərdənin sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin həlli istiqamətində həyata keçirilən tədbirlərdən danışmış, bildirmişdir ki, əhali işıq, qaz və su ilə fasiləsiz təmin olunur. Zümürxan kəndinin yolu abadlaşdırılmışdır, Zümürxan kənd tam orta məktəbin yeni binası tikilib istifadəyə verilmiş, kənd tamamilə qazlaşdırılmışdır. Bu kənd abad kəndlərimizdən biridir, görülən işlər bundan sonra da davam etdiriləcək.
Sonra vətəndaşların müraciətləri dinlənilmişdir.
Zümürxan kənd sakini Usubov Nadir İbrahim oğlu Zümürxan-İmamqulubəyli – Çəmənli kəndlərarası yolunun asfaltlaşdırılması, kəndlərin elektrik şəbəkəsinin yenidən qurulması, Ziyadov Alik Məhər oğlu sahibkarlıq obyektinin tikintisinə icazə verilməsi, Əliyeva Ədibə Halay qızı həyətinə içməli su çəkilməsi, İmamqulubəyli kənd sakini Almədətov Zöhrab Heydər oğlu örüş yerinin bir hissəsində pambıq əkilməsi, Çəmənli kənd sakini İbrahimli Namiq Xurşud oğlu kəndin telefonlaşdırılması barədə tədbir görülməsi və digər məsələlərlə bağlı müraciət etmişlər.
Qaldırılan məsələlər barədə əlaqədar aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmişdir. Kənd sakinləri pambıqdan, baramadan gələn gəlirlərin kənd camaatının firvanlığının yaxşılaşdırdığını bildirərək əhalinin problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə, göstərilən diqqət və qayğıya görə ölkə rəhbərinə minnətdarlıqlarını bildirmişlər.