4 noyabr 2025-ci il tarixində Qarabağ Regional Mədəniyyət İdarəsi Bərdə rayon Heydər Əliyev Mərkəzində “Konstitusiya və Suverenlik İli” çərçivəsində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Şanlı Zəfər tariximiz” adlı tədbir keçirilib.
06 noyabr 2025 | 11:51
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda canından keçmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə Bərdə Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Leyla Mehtiyeva, Bərdə şəhidi Yaqublu Yaqubun anası Nazimə Yaqubova, şəhid Fəxri Qəribzadənin anası Mehparə xanım, MİHİ-nin Bərdə rayon komitəsinin təşkilatçısı Pərvin Seyidova, eləcə də Bərdə Dövlət Rəsm Qalereyasının əməkdaşları və Bərdə Dövlət Peşə Hazırlığı Mərkəzinin tələbələri iştirak ediblər.
Mərkəzin direktoru Arifət Əhmədova çıxış edərək bildirib ki, 8 Noyabr xalqımızın qəhrəmanlıq, birlik və qürur günüdür. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi milli siyasət və Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi nəticəsində Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazanmışdır.
Daha sonra qonaqlar çıxış edərək Zəfər Gününün əhəmiyyətindən, şəhidlərimizin igidliyindən və xalqımızın birliyindən danışıblar.
Sonra Bərdə Dövlət Peşə Hazırlığı Mərkəzinin tələbələrinin ifasında Vətən, bayraq və qəhrəman əsgərlərimizə həsr olunmuş şeirlər səsləndirilib, qısa bədii kompozisiya nümayiş etdirilib.Tədbirin sonunda iştirakçılar “Şuşa, sən azadsan!” filminə baxış keçiriblər.






