Şriftin ölçüsü :

Saytın rəngi :

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı nümayəndələri Bərdədə olmuşlar

27 avqust 2018 | 16:00
27 avqust 2018-cı il tarixdə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının Azərbaycandakı  nümayəndəsi  cənab Guide Ambroso, BMT QAK-ın hüquq şöbəsinin müdiri cənab Oktavian Mohorea və səfərin bütün aidiyyatı tərəfdaşlarla əlaqələndiricisi sahə məsələləri üzrə baş məsləhətçi cənab Elsevər Ağayev Bərdə rayonunda olmuşlar. Səfərdə məqsəd  iyirmi il əvvəl inşa olunmuş qəsəbələrdə, həmçinin Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun infrastukt və məşğulluq üzrə layihələrinin həyata keçirildiyi ərazilərdə müvəqqəti məskunlaşmalar daxil olmaqla məcburi köçkünlərin yaşadığı ərazilərə baş çəkmək olmuşdur. Nümayəndələr öncə rayon İcra Hakimiyyətinin başçısı  Vidadi İsayevlə görüşmüşlər. Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə Respublika Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti tərəfindən ölkədəki qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində böyük işlər görüldüyü, bütün bunların istər BMT QAK-ın ali komissarı, istərsə də digər rəsmiləri tərəfindən daim yüksək qiymətləndirildiyi, oxşar problemlə üzləşən ölkələr üçün nümunə kimi dəyərləndirildiyi  xüsusi qeyd edilib. Bildirilib ki, bütün bunlara görə Azərbaycanla qarşılıqlı əməkdaşlıqda daim maraqlı olan BMT QAK ölkəmizin qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluqlarının artırılması, onların hüquqlarının və sosial müdafiəsinin gücləndirilməsi məqsədilə beynəlxalq hüququn normaları çərçivəsində hüquqi-normativ sənədlərin hazırlanıb tətbiq olunması sahəsində qazandığı təcrübədən yararlanmağa da xüsusi önəm verir. Görüşdə bu qurumun Azərbaycandakı nümayəndəliyinin fəaliyyəti də müsbət dəyərləndirilib, perspektiv əməkdaşlıq məsələləri müzakirə olunub.Azərbaycan hökuməti ilə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı arasındakı əlaqələrin möhkəm əsaslar üzərində qurulduğu, bunun bariz nümunəsi kimi Azərbaycanın BMT QAK-ın İcraiyyə Komitəsinin üzvü seçilməsi xüsusi vurğulanıb.
Daha sonra nümayəndələr Ermənistanın işğalı nəticəsində qaçqın və məcburi köçkün düşmüş soydaşlarımız üçün Bərdənin Həsənqaya kəndində  salınmış qəsəbədə,   Mirzəcəfərli 2, daş evlərdə,  həmçinin Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun xətti ilə Cəyirli kəndində tikilməkdə olan modul tipli məktəbdə  olmuş və orada məskunlaşmış qaçqın və məcburi köçkünlərlə görüşmüş, onların həyat şəraitləri ilə yaxından tanış olmuşlar.
Keçidlər