Şriftin ölçüsü :

Saytın rəngi :

ABŞ Müdafiə Nazirliyinin Humanitar Yardım Proqramının maliyyə dəstəyi ilə tikilmiş Bərdənin Güloğlular kənd ümumi məktəbinin yeni binasının açılışı olmuşdur.

07 noyabr 2018 | 16:00
Bərdə rayonunun Güloğullar kəndində Birləşmiş Ştatların ölkəmizdəki səfirliyinin müdafiə əməkdaşlığı idarəsi tərəfindən inşa edilən 220 şagird yerlik məktəb binası istifadəyə verilib.
Bu münasibətlə keçirilən tədbirdə ABŞ-ın müvəqqəti işlər vəkili Viliam Gill, ABŞ Ordusu Mühəndislər Korpusunun, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Təhsil Nazirliyinin, Bərdə Rayon İcra Hakimiyyətinin nümayəndələri, kənd sakinləri, müəllim, şagird və valideynlər iştirak ediblər.
Tədbiri rayon İcra Hakimiyyəti başçısının müavini, YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya açmışdır.  Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev və  rayon Təhsil şöbəsinin müdiri Rzaqulu Şərifov tədbirdə çıxış edərək, ölkədə və rayonda gedən sosial-iqtisadi inkişafdan, təhsilə göstərilən yüksək dövlət qayğısından danışıblar. Bildirilib ki, Bərdə rayonunda son illərdə 35-ə yaxın məktəb binası tikilib, 25-dən artıq məktəb binası əsaslı təmir edilib.
Diqqətə çatdırılıb ki, 1961-ci ildən fəaliyyət göstərən Güloğullar kənd ümumi orta məktəbində 169 şagirdin təlim tərbiyəsi ilə 25 müəllim məşğul olur. Məktəbdə yerli şagirdlərlə yanaşı, məcburi köçkün uşaqlar da təhsil alır. Şəraitsiz binada fəaliyyət göstərməsinə baxmayaraq, məktəbin şagirdlərinin davamiyyəti, tədrisin keyfiyyəti yüksəkdir. ABŞ səfirliyinin müdafiə əməkdaşlığı idarəsi tərəfindən məktəb üçün yeni binanın inşa olunması müəllimlərin və şagirdlərin sevincinə səbəb olub.
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluğunun təmin olunması istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, çadır düşərgələrində, vaqonlarda məskunlaşan məcburi köçkünlər üçün bütün sosial-texniki infrastrukturla birgə 101 qəsəbə inşa olunaraq istifadəyə verilib. F.Hüseynov ABŞ səfirliyinin müdafiə əməkdaşlığı idarəsi tərəfindən həyata keçirilən layihələrin əhəmiyyətini yüksək qiymətləndirib.
ABŞ-ın müvəqqəti işlər vəkili Viliam Gill yeni məktəbin istifadəyə verilməsi münasibətilə müəllim, şagird və valideynləri təbrik edib, məktəblilərə təhsildə uğurlar arzulayıb. Bildirib ki, yeni məktəb təhlükəsiz, sağlam və müasir şəraiti təmin etməklə uşaqların tədris mühitini yaxşılaşdıracaq. Layihə ABŞ Müdafiə Nazirliyinin Humanitar Yardım Proqramı vasitəsilə ABŞ-ın həyata keçirdiyi sayca 17-ci məktəb layihəsidir. 2003-cü ildən etibarən ABŞ Müdafiə Nazirliyi məktəb tikintisi və su təchizatı layihələri də daxil olmaqla, Azərbaycanda məcburi köçkün ailələrinə yardım məqsədilə həyata keçirilən 23 humanitar yardım layihəsini maliyyələşdirmək üçün təxminən 6 milyon dollar vəsait ayırıb. Ümumilikdə isə 1992-ci ildən indiyədək Azərbaycanda həyata keçirilən humanitar yardım layihələrinin icrasına ABŞ hökuməti 1 milyard 300 milyon dollar yardım ayırıb ki, bunun da 115 milyon dolları məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına yönəldilib.
Pedaqoji kollektivin nümayəndələri məktəbin tikintisində əməyi olanlara minnətdarlıqlarını bildirib, yüksək qayğıya əməli işlə cavab verəcəklərini söyləyiblər.
Çıxışlardan sonra tədbir iştirakçıları məktəbdə yaradılan şəraitlə tanış olublar. 13 sinif otağı, fizika, kimya və informatika kabinələri, kitabxana, akt zalı, bufetdən ibarət məktəb binası istilik sistemi, daimi su və nəzarət kamerası ilə təchiz edilib, həyətdə abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb.
Keçidlər