Şriftin ölçüsü :

Saytın rəngi :

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Bərdə, Tərtər və Ağcabədi rayonlarından vətəndaşları qəbul edib

14 dekabr 2018 | 16:00
Qəbuldan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev və Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev  xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla yad ediblər.
Qəbulda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri Umud Mirzəyev də iştirak edib.
Ayrı-ayrı müraciətlərdə qaldırılan məsələlərin həlli təmin edilib, digər müraciətlərin həlli üçün aidiyyatı üzrə göstəriş verilib, sorğu xarakteri müraciətlərə hüquqi yardım göstərilmişdir.
S.Babayev vətəndaşlarla görüşündə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, əmək, məşğulluq, sosial müdafiə sahələrində aparılan islahatlar barədə məlumat verib. O, regionlarda yaşayan əhalinin də “DOST” mərkəzləri vasitəsilə dövlət sosial xidmətlərindən sadə prosedurlarla, tam şəffaf, rahat şəkildə istifadə imkanları əldə edəcəyini bildirib. Nazir 2019-2025-ci illər üzrə “DOST” regional proqramı çərçivəsində, həmçinin Bərdə və Ağcabədi rayonlarında da belə mərkəzlərin yaradılacağını bildirib. Dövlət başçısının müvafiq Fərmanına əsasən şəhid ailələrinə birdəfəlik ödənişlərin verilməsi prosesinin davam etdirildiyini vurğulayan nazir artıq bu bölgədə də şəhid hərbi qulluqçuların bir qrupunun vərəsələrinin birdəfəlik ödənişlə təmin olunduqlarını qeyd edib.
Müraciət edənlərdən bir qisminin istəkləri nəzərə alınaraq onlara vakant iş yerlərinə göndəriş verilib, habelə ayrı-ayrı şəxslər özünüməşğulluq proqramına, ödənişli ictimai işlərə və peşə hazırlığına cəlb olunmaq üçün qeydiyyata alınıblar. S.Babayev Bərdə, Tərtər, Ağcabədi rayonlarında bu ilin 11 ayında nazirliyin məşğulluq orqanları vasitəsilə 1930 işsiz və işaxtaran şəxsin münasib işlərlə təmin edildiklərini deyib. Nazir qeyd edib ki, üç rayon üzrə cari ildə 326 aztəminatlı ailə özünüməşğulluq proqramına cəlb olunub və onlardan artıq 200 ailənin proqram çərçivəsində verilmiş mal və materiallar hesabına kiçik ailə təsərrüfatları yaradılıb.
Qəbul zamanı vətəndaşların bir qismi müraciətlərinə əsasən, nazirliyin aidiyyəti müəssisələrində bərpa müalicəsinə cəlb olunmaları, həmçinin reabilitasiya vasitələri ilə təmin edilmələri üçün qeydiyyata götürülüblər.
Nazir Sahil Babayev və Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında bu rayonda fəaliyyət göstərən günərzi qayğı mərkəzində də olublar. Mərkəzdə çətin həyat şəraitində olan uşaqlara günərzi xidmətlər göstərilir, onlar maraq və qabiliyyətləri nəzərə alınaraq müxtəlif dərnəklərə cəlb olunur, bacarıqları inkişaf etdirilir. Mərkəzin fəaliyyəti ilə yaxından tanış olan nazir günərzi xidmətlərin təşkili məsələləri ilə bağlı müvafiq tapşırıqlarını verib.

Bərdədə özünüməşğulluq proqramı çərçivəsində aztəminatlı ailələr üçün yaradılan təsərrüfatlara baxış keçirilib.
 

Keçidlər