Şriftin ölçüsü :

Saytın rəngi :

“Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu” mövzusunda Bərdə rayonunda konfrans keçirilmişdir

16 may 2019 | 16:00
Bərdədə “Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin gənclərin vətənpərvərlik tərbiyəsində rolu” mövzusunda konfrans keçirilmişdir.
Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən konfransdan əvvəl iştirakçılar Ümummilli Lider Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılmış abidəsi önünə gül-çiçək düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
    Konfransda rayon İcra Hakimiyyəti başçısının müavini, YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya əvvəlcə qonaqları və tədbir iştirakçılarını salamlamış, müasir Azərbaycan Respublikasının memarı olan Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin milli-mənəvi dəyərlərimizin qorunmasında, gənc nəslin tarixi köklərimizə bağlı olaraq böyüməsində və vətənpərvərlik tərbiyəsində böyük rolunun olduğunu bildirmişdir.    
Sonra Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İntiqam Babayevin mövzu ilə bağlı məruzəsi dinlənilmişdir. Natiq bildirmişdir ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən  qoyulan  azərbaycançılıq ideyası Azərbaycanda çox qısa bir müddətdə bütün xalqı birləşdirmişdir. Bu ideya özü-özlüyündə xalqımızın ictimai fikir, ictimai şüur tarixinə əsaslanan bir ideologiyadır.
   Qeyd olunmuşdur ki, ulu öndərin ən böyük arzularından, ölkədə həyata keçirilən gənclər siyasətinin əsas məqsədlərindən biri məhz o idi ki, müstəqil Azərbaycanda öz milli mənəvi irsinə sahib çıxan, geniş intellektə və dünyagörüşünə malik olan, fiziki cəhətdən sağlam, əqidəli, Azərbaycanın sabahı naminə məsuliyyəti öz üzərinə götürməyi bacaran yeni bir nəsil formalaşsın. Sevindirici haldır ki, ulu öndərin nurlu ideyalarına sadiq olan və onlardan bəhrələnən Azərbaycan gəncləri bu gün Vətənimizin tərəqqisi naminə var qüvvələri ilə çalışır, həyatın bütün sahələrində böyük uğurlara imza atırlar.
İntiqam Babayev bildirmişdir ki,  respublikanın müxtəlif şəhər və rayonlarında keçirilən bu tədbirlər azərbaycançılıq məfkurəsinin gənclər arasında təbliğinə nail olmaq, gənclərdə müstəqil dövlətçilik ənənələrinə hörmət hisslərini gücləndirmək məqsədi daşıyır.
Konfransda çıxış edənlər bildirmişlər ki, məhz ulu öndərin Azərbaycan gəncliyinə sonsuz inam və məhəbbətinin məntiqi nəticəsidir ki, bu gün ölkəmizdə gənclərin hərtərəfli inkişafı, onların ictimai-siyasi fəallığının artırılması üçün əlverişli şərait və möhkəm hüquqi baza yaradılmışdır. Azərbaycan gəncləri cəmiyyətimizin ən fəal qurucularına çevrilmişlər.
    Konfransın sonunda nazir müavini İntiqam Babayev gənclərin suallarını cavablandırmışdır.
Keçidlər