Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə məktəbliləri “Ölkəmizi tanıyaq!” layihəsi çərçivəsində Lənkəran-Masallı -Astara bölgəsinə təntənə ilə yola salındılar

18 noyabr 2019 | 16:00
Bərdə rayonunun məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Lənkəran, Masallı və Astara rayonlarının görməli yerləri, təbiəti, tarixi abidələri, müasir inkişafı ilə tanış olacaqlar.
Bərdə rayonunun mərkəzi meydanında keçirilən yolasalma mərasimində rayon ictimaiyyətinin nümayəndələri, müəllimlər və valideynlər iştirak ediblər. Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək, şagirdlərə turun məqsədi barədə məlumat verib, onlara səfərlərinin xoş və mənalı keçməsini arzulayıb. Bildirilib ki, layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.
Çıxış edənlər ölkəmizin cənub bölgəsinin sitrus bağları, çay və çəltik plantasiyaları, səfalı məkanları ilə tanındığını, tarixi yerləri, özünəməxsus adət-ənənələri ilə seçildiyini diqqətə çatdıraraq, şagirdlərə getdikləri yerlər haqqında geniş bilgilər əldə etməyi, eyni zamanda, səfər zamanı digər rayonlardan olan iştirakçılara Bərdənin qədim tarixi və müasir inkişafı haqqında məlumat verməyi, keçiriləcək intellektual yarışlarda fəal olmağı tövsiyə ediblər.
Qrup rəhbəri Damət Ələkbərov deyib: “Bu gün bərdəli məktəblilər ölkəmizin cənub regionuna yola düşürlər. Şagirdlər tur-aksiyaya qoşulmaqla televiziyada seyr etdikləri, coğrafiya, tarix dərslərində haqqında oxuduqları qədim və maraqlı yerləri öz gözləri ilə görmək imkanı qazanıblar. Bölgə ilə tanışlıq şagirdlərdə yüksək təəssüratlar yaradacaq, dünya görüşlərinin formalaşmasında mühüm rol oynayacaq”.
Xəsili kənd tam orta məktəbin şagirdi Bahar Salmanlı fikirlərini belə ifadə edib: “Ölkəmizin cənub bölgəsi haqqında xeyli məlumatım var. Eşidəndə ki, mən də tur-aksiya iştirakçısıyam və səfərimiz cənub bölgəsinədir, çox sevindim. İnanıram ki, səfərdən çox şey öyrənəcəyik. Bunun üçün tur-aksiyanın təşkilatçılarına minnətdarlığımı bildirirəm”.
Müəllim və valideynlər məktəblilərə səfərlə bağlı tövsiyələrini veriblər. Bərdə Regional Mədəniyyət İdarəsinin təşkil etdiyi musiqi nömrələri iştirakçılara xoş ovqat bəxş edib.
Şagirdlər ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad edib, onlar üçün ayrılmış avtobusla Lənkəran-Masallı-Astara istiqaməti üzrə yola düşüblər.
Keçidlər