Ali Məhkəmənin sədri Bərdədə vətəndaşları qəbul edib
Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, noyabrın 29-da Ali Məhkəmənin sədri Ramiz Rzayev Bərdə Rayon Məhkəməsinin inzibati binasında vətəndaşları qəbul edib.
Qəbuldan əvvəl ümummilli lider Heydər Əliyevin Bərdə şəhərində abidəsi ziyarət olunaraq önünə gül dəstələri qoyulub, əziz xatirəsinə dərin ehtiram bildirilib.
Qəbulda hər bir vətəndaş diqqətlə dinlənilib, müraciətlərdə qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb. Araşdırılması tələb edilən müraciətlərin mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq həlli ilə əlaqədar Ali Məhkəmə Aparatının qəbulda iştirak edən aidiyyəti məsul işçilərinə müvafiq tapşırıqlar verilib.
Vətəndaşlar bölgə sakinlərinin qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edərək göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Səfər çərçivəsində Ali Məhkəmənin sədri Bərdə Rayon Məhkəməsinin inzibati binası, hakimlərin fəaliyyəti və iş şəraiti ilə tanış olub.
Gəncə Apellyasiya Məhkəməsinin sədri və Bərdə Rayon Məhkəməsi hakimlərinin iştirakı ilə müşavirə keçirilərək, məhkəmə fəaliyyətinin dövlətimizin başçısının tövsiyələrinə uyğun təkmilləşdirilməsi, “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi” haqqında Azərbaycan Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanının icrası üzrə görülən işlərdən bəhs olunub, qarşıda duran vəzifələr müzakirə edilərək, məhkəmə qərarlarının ədalətliliyinin və qanuniliyinin təmin edilməsi, etik davranış qaydalarına dönmədən əməl olunması, qeyri-prosessual münasibətlərin yolverilməzliyi ilə bağlı tövsiyə və tapşırıqlar verilib.