Azərbaycan Respublikasının İnsan Hüquqları Üzrə Müvəkkilinin (Ombudsman) ictimai dinləməsi
20 may 2013-cü il tarixdə rayon Mədəniyyət evində Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının icrası vəziyyətinin öyrənilməsi məqsədilə Azərbaycan Respublikasının İnsan Hüquqları Üzrə Müvəkkilinin (Ombudsman) ictimai dinləməsi keçirilmişdir.
Tədbir öncəsi tədbir işturakçıları ümummilli lider Heydər Əliyevin heykəli önünə tər gül-çiçək dəstələri qoymuşlar.
Tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları Üzrə Müvəkkilinin
(Ombudsman) Elmira xanım Süleymanova, rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi İsayev, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilliyinin məsləhətçisi Faiq Ağayev,əməkdaşı Vüqar Heydərov, rayon İcra Hakimiyyəti başçısı aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatlarının rəhbərləri və nümayəndələri, qeyri hökumət təşkilatlarının, rayon ərazisində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin, kütləvi informasiya vasitələrinin, ictimayətin nümayəndələri – cəmi 380 nəfər iştirak etmişlər.
Tədbiri giriş nitqi ilə açan rayon İcra Hakimiyyətinin başçısı cənab Vidadi
İsayev bir neçə gündən sonra qeyd ediləcək Respublika günü ərafəsində Azərbaycan Respublikasının İnsan Hüquqları Üzrə Müvəkkili (Ombudsman) tərəfindən keçirilən dinləmələrin XX əsrdə ikinci dəfə öz müstəqilliyini qazanan ölkəmizdə insan hüquq və azadlıqlarına yüksək qiymət verilməsinin göstəricisi olduğunu qeyd etmiş, ümummilli lider Heydər Əliyev tərəfindən həyata keçirilən hüquqi islahatların Azərbaycan Respublikasının möhtərəm Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişdir.
Cənab Vidadi İsayev Azərbaycan Respublikasının möhtərəm Prezidentinin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı”nın Azərbaycanın qədəm qoyduğu yeni inkişaf mərhələsində insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılması, hüquq mədəniyyətinin inkişaf etdirilməsi, normativ-hüquqi bazanın və hüquq müdafiə sisteminin təkmilləşdirilməsi istiqamətində tədbirlərin davamlılığının təmin edilməsinə yönəldiyini qeyd etmiş, insan hüquqlarının təmini, Milli Fəaliyyət Proqramının icrası sahəsində rayonda görülmüş işlər barədə məlumat vermişdir.
Tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müəvəkkili (Ombudsman) Elmira xanım Süleymanova “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının icrası vəziyyəti və qarşıda duran vəzifələr barədə” məruzə etmişdir.
Tədbirdə Kürdborakı kənd tam orta məktəbinin direktoru Dəyanət Qurbanov, rayon Polis şöbəsinin rəisi Hikmət Sadıqov, rayon Prokuroru Rəhim Əliyev, rayon Məhkəməsinin sədri Ağarza Səmədov, rayon Ağsaqqallar Şurasının sədri Arif Əliyev, 93 saylı Bərdə şəhər Dairə Seçki Komissiyasının sədri Şakir Əliyev, rayon Mərkəzi kitabxanasının müdiri Almaz İsmayılova, rayon Qadınlar Şurasının sədri Rahilə Babayeva dinlənilmişdir.
Tədbirdən sonra Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müəvəkkili (Ombudsman) Elmira xanım Süleymanova sakinləri qəbul etmişdir.