Bərdədə Xüsusi karantin rejimi səbəbindən tənha və kimsəsiz ahıllara, aztəminatlı ailələrə, əlil uşaqlara və ailə başçısını itirənlərə ərzaq yardımları edilib.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çağırışına əsasən, karantin rejimi ilə əlaqədar olaraq Yeni Azərbaycan Partiyasının könüllüləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial işçiləri ilə birlikdə martın 27-dən tənhalara, ahıl vətəndaşlara yardım paylayır, onlara sosial xidmətlər göstərirlər.
Bugün DSMF xəttilə aztəminatlı və əlil uşaqları olan iki min ailə üçün gətirilmiş ərzaq yardımı YAP Bərdə rayon təşkilatının könüllüləri tərəfindən 630 ailəyə təqdim edilmişdir. Ərzaq yardımının qalan hissəsinin paylanılması YAP rayon təşkilatının könüllüləri tərəfindən davam etdiriləcəkdir. Ümumilikdə son həftə ərzində Bərdədə Heydər Əliyev Fondu tərəfindən 1784 ailəyə, Xəzər tv-nin aparıcısı Xoşqədəm Hidayətqızı tərəfindən 250 ailəyə, Fövqəladə Hallar Nazirliyi tərəfindən 500 ailəyə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası tərəfindən 50 ailəyə ərzaq yardımı paylanmışdır.