Şriftin ölçüsü :

Saytın rəngi :

Korrupsiyaya qarşı kəskin mübarizə yeni islahatların tərkib hissəsidir

11 may 2020 | 16:00
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə müxtəlif sahələrdə aparılan islahatlar xalqımızın rifah halının yaxşılaşdırılmasına, sosial dövlətin inkişaf etdirilməsinə və dövlətimizin yüksəliş xəttini dönməzliyinə hesablanıb. Ölkə Prezidenti islahatların həyata keçirilməsinin uğurlu nəticələrinin daha böyük olması və həm də bütün xalqın bəhrələnməsi üçün korrupsiyaya və digər mənfi əməllərə qarşı qətiyyətli mübarizənin vacibliyini gündəmə gətirdi. Və ilk növbədə, humanist şəkildə xəbərdarlıqla, xoşagəlməz hallara birmənalı şəkildə son qoyulması  tapşırığı ilə Möhtərəm Prezidentimiz cənab İlham Əliyev daim vurğulayır ki, dövlət qulluqçuları xalqın xidmətçiləri olmalıdırlar.
Bu günlərdə ölkə Prezidenti yeni Baş prokuroru videoformatda qəbul edərkən bildirdi ki, bütün dövlət məmurlarını xəbərdar etmişdim və hətta demişdim ki, əgər hansısa dövlət məmuru öz işində düzəlişlər edə bilmirsə, yaxud da ki, istəmirsə, qoy özü könüllü şəkildə dövlət işindən istefa versin”. Əlbəttə, dövlətimizin başçısının bu çıxışını əsas tutaraq, bütün vəzifəli şəxslər cənab Prezidentin apardığı islahatlara dəstək verməli, üzərlərinə qoyulmuş vəzifələri dərk etməli, öz işlərində qanunu və qanunçuluğu əsas tutmalı, mənfi tendensiyalara imkan verməməli, rüşvət və korrupsiyadan uzaq durulmalıdırlar. Lakin bəzi məmurlar, xüsusilə çox təəssüf ki, yerli icra hakimiyyətinin başçıları bu tapşırıqlara əməl etmədilər. Və təbii ki, belə olan halda dövlət başçısı tərəfindən qətiyyətli mövqe nümayiş etdirildi. İlkin olaraq Ağstafa RİH-in və Yevlax RİH-in sabiq başçılarına qarşı Tövlət Təhlükəsizliyi Xidməti tərəfindən əməliyyatlar həyata keçirildi və nəticədə onların rüşvət alması təkzibolunmaz sübutlarla təsdiqləndi və barələrində əsaslı olaraq cinayət işi başlandı, məhkəmə tərəfindən həbs qəti imkan tədbiri keçirildi. Növbəti analoji hallar Neftçala, Biləsuvar və son olaraq İmişli rayonlarında yaşandı. Bu rayonun başçıları tərəfindən onlara göstərilmiş etimaddan sui-istifadə edərək korrupsiya cinayətləri törədildiyi sübut olundu.  Ölkə başçısının “Biz birlikdə güclüyük!” şüarına qoşularaq koronavirus təhlükəsinə qarşı səfərbər olduğumuz bir vaxtda təəssüf ki, acgöz məmurlar xalq-iqtidar birliyini pozmağa və yerlərdə narazılıqlar yaratmağa cəhd etmişlər. Onlar özləri imkansız təbəqəyə yardım etmək əvəzinə müxtəlif iş adamları, sahibkarlar, qeyri-hökumət  təşkilatlar tərəfindən göndərilən ərzaq yardımlarına göz dikmiş, sosial müdafiəyə ehtiyacı olan şəxslərin əmək haqqı kartlarını, aztəminatlı təbəqə üçün pullu ictimai iş yerlərinin yaradılması məqsədi ilə ayrılmış pulu mənimsəmiş, yerlərdə kiçik bir “rüşvət” şəbəkəsi quraraq rayonda olan idarə, müəssisə və təşkilatları və maliyyə sahələrinin hər birini korrupsiya bataqlığına çəkmişlər. Bəzi məmurlar özlərini yerlərdə böyük vəzifə sahibi hesab edərək hətta vətəndaşlara məxsus olan torpaq sahələrini mənimsəməkdən belə çəkinmirdilər. Bu cür özbaşınalıqlar əsaslı olaraq yerli əhalinin narazılığına səbəb olur, nəticədə vətəndaşlar yuxarı instansiyalara müraciət edirlər. Təbii ki, həmin müraciətlər diqqətlə araşdırılır və obyektiv qərarlar qəbul edilir.
Bu gün ölkə Prezidentinin bu cür mənfi əməllərə qarşı iradəsi ortadadır. Vəzifəsindən asılı olmayaraq belə şəxslər ifşa edilir, qanun qarşısında mühakimə olunur və dərhal ictimaiyyətə ətraflı məlumat verilir. Bu bir həqiqətdir ki, xalqın malına susayanlara nifrətin böyüklüyü ölçüyəgəlməzdir. Bu gün vəzifəsindən asılı olmayaraq hər bir kəsin qanun qarşısında cavabdehliyi və bərabərliyinə dövlət rəhbərliyi səviyyəsində prinsipial yanaşma xalqın ürəyincədir və biz bərdəlilər, rayon ağsaqqalları da hər zaman olduğu kimi öz Prezidentinə inanır və onu ürəkdən dəstəkləyirik.

 

Keçidlər