Bu il Bərdədə daha çox barama istehsalı gözlənilir
Bərdə rayonunda əhaliyə barama qurdu paylanılıb. Tut ipəkqurdları Kәnd Tәsәrrüfatı Nazirliyinin Bərdə Dövlәt Aqrar İnkişaf Mәrkәzi vә yerli icra hakimiyyәtinin tәşkilatçılığı ilә 1000 qutuda rayonun 34 inzibati ərazisinə çatdırılıb, bəslənmək üçün 250 kümçüyə təhvil verilib. Hər qutu 19 qramdır. Otuz gün bəsləndikdən sonra 1 qramdan 2 kiloqram yaş barama əldə olunması nəzərdə tutulur.
Ötən il 34 tondan çox məhsul yetişdirilib.
Bunlardan əlavə, baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədi ilə son illər rayon ərazisində çoxlu sayda xarici və yerli tut tingi əkilib. Bu il 40 tondan çox məhsul götürülməsi planlaşdırılır.
Bütün bu işlər ölkə rəhbərliyinin göstərişləri ilə, həmçinin Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı çərçivəsində həyata keçirilib. Təsərrüfatın bu növünә investisiyaların cəlb olunması istiqamətində işlər gedir ki, bu da Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planında qarşıya qoyulan vəzifələrdən irəli gəlir. Əsas hədəf baramaçılığın inkişafına töhfə vermək, bu sahәni yeni keyfiyyət mərhələsinə yüksəltmәk və rayonda məşğulluğun artırılmasına nail olmaqdır.
Qeyd edək ki, bu gün Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev mütəxəssislərlə birlikdə rayonun Samux kəndində barama saxlanılan yerlə maraqlanıb. Kümçülərlə görüşüb təsərrüfatlarla tanış olan rayon rəhbəri bəzi tapşırıq və tövsiyələrini verib.