Prezident İlham Əliyevin təşəbbüsü dünya birliklərinin mütləq əksəriyyətinin mübarizə səylərinin birləşdirilməsində əsas rol oynadı
Bəşəriyyəti təhdid etməkdə davam edən qlobal pandemiya yoluxmanın sayını azaltmaq üçün Azərbaycanın sədrliyi və təşəbbüsü ilə videoformatda keçirilən Qoşulmama Hərəkatinin Zirvə Görüşündə əsaslı, fundamental addımların həyata keçirilməsində vahid birlik halında hərəkətin zəruriliyini ortaya qoyan Azərbaycan Prezidenti cənab İlham Əliyevin təkliflərinin əksər dünya ölkələri tərəfindən rəğbətlə qarşılanması xalqımızda öz rəhbərinə olan inam və rəgbətini daha da artırdı. Vətənimiz paralel olaraq beynəlxalq səviyyədə də koronavirusla mübarizəyə dəstək verən ilk ölkələrdən oldu. Dövlətimiz qlobal böhranın aradan qaldırılması istiqamətində ehtiyacı olan ondan çox ölkəyə maddi-texniki yardım edib, kömək əlini uzatdı, pandemiya ilə mübarizəyə qarşı dünya birliklərinin səylərinin birləşdirilməsinin təşəbbüskarı oldu. Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışındakı nitqində Prezident İlham Əliyev vurğuladı ki, həm ölkə daxilində lazımi tədbirləri görürük, həm də beynəlxalq müstəvidə öz sözümüzü deyirik: "Mən deyə bilərəm ki, biz 10-dan çox ölkəyə yardım etmişik. Texniki yardım, maliyyə yardımı, təyyarələr göndərmişik, yük təyyarələri o ölkələrə ki, onlar bizə müraciət edib və onların maddi imkanları məhduddur, onların, belə deyək, müraciət edəcəyi başqa bir ölkə yoxdur. Ondan çox ölkəyə yardım etmişik və hesab edirəm ki, düz etmişik. Çünki məhz belə günlərdə, belə dövrdə insanların da, ölkələrin də əsl siması üzə çıxır. Yaxşı vəziyyətdə hər kəs hər kəslə dostdur. Hər kəs yaxşı sözlər deyir, beynəlxalq tədbirlərdə çıxışlar edir, qarşılıqlı dəstək haqqında danışır, amma əməldə bunu göstərmək lazımdır, əməldə. Biz o ölkələrdənik ki, əməldə bunu göstəririk. Pandemiyaya qarşı qlobal mübarizədə biz birinci ölkələrdən olduq ki, Ümumdünya Səhiyyə Təşkilatına 5 milyon dollar donor ianəsi verdik. Bu yaxınlarda artıq Qoşulmama Hərəkatının sədri kimi Ümumdünya Səhiyyə Təşkilatına əlavə 5 milyon dollar ianə verdik ki, bizimlə razılaşdırmaqla Hərəkata üzv ölkələrə yardım göstərilsin. Bilirsiniz ki, mənim təşəbbüsümlə iki Zirvə görüşü keçirildi - Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşü və Qoşulmama Hərəkatının Zirvə görüşü. Hər iki təsisatda Azərbaycan hazırda sədrdir. Bu təşəbbüs vaxtında və yerində olan təşəbbüsdür. Demək olar ki, bütün dünya birliyi bunu alqışlayır və Azərbaycanın rolunu qeyd edir”. Prezident onu da qeyd etdi ki, həm özümüzə, xalqımıza, həm də bütün dünyaya bir daha göstərdik ki, biz ləyaqətli ölkəyik: "Biz bunu etməyə də bilərdik. Kimsə bizə bir söz deyəcəkdi? Yox. Kim bizə irad tuta bilərdi ki, bu ağır dövrdə biz bu təşəbbüsü irəli sürməsəydik. Amma biz bunu etdik. Çünki biz məsuliyyətli ölkəyik və etibarlı tərəfdaşıq. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə görüşü dünya miqyasında onlayn formatda birinci Zirvə görüşü idi. Qoşulmama Hərəkatının Zirvə görüşü isə 120 ölkəni birləşdirir. Onu da bildirməliyəm ki, bu Zirvə görüşünə təbrik müraciətlərini BMT-nin Baş katibi Quterreş, BMT Baş Assambleyasının prezidenti, Afrika İttifaqının sədri, Avropa Komissiyasının vitse-prezidenti göndərmişdilər. Onu da bildirməliyəm ki, Qoşulmama Hərəkatı ilə Avropa İttifaqı arasında, mən bilən, bu günə qədər hər hansı bir ciddi təmas olmayıb. Çünki bu iki təsisat fərqli qütblərdə yerləşir və bir çox hallarda onların baxışları üst-üstə düşmür. Ona görə bu da bir ilkdir. Əgər biz ölkələrin sayını götürsək, görərik ki, Qoşulmama Hərəkatında 120 üzv, Avropa İttifaqında 27 üzv, artıq 147 və Afrika İttifaqında 55 üzv fəaliyyət göstərir. Düzdür, onların bəziləri Qoşulmama Hərəkatının üzvüdür. Buna baxmayaraq, dünya birliyinin mütləq əksəriyyəti Azərbaycanın təşəbbüsü ilə COVID-19-a qarşı vahid platforma formalaşdırdı. Mən tam səmimiyyətlə deyə bilərəm, özümüzü tərifləmək üçün yox, sadəcə olaraq, həqiqəti dilə gətirmək üçün, Azərbaycan dünyanı birləşdirir. Birincisi, milli zəmində, yəni ölkə ərazisində görülən bütün işlər, tədbirlər nümunəvi xarakter daşıyır. Sosial-iqtisadi paket adambaşına düşən xərclərə görə dünyada bəlkə də birincilər sırasındadır. Beynəlxalq müstəvidə özünü məsuliyyətli üzv kimi aparıb və yenə də ümumi daxili məhsula görə bizim qədər donor ianəsi verən olmayıb. Düzdür, bəzi ölkələr böyük rəqəmlər bəyan ediblər, amma hanı o vəsait, yoxdur. Bizimki isə nağd verilib. Beynəlxalq təşkilatlar çərçivəsində irəli sürülmüş təşəbbüslər də dünya birliyi tərəfindən birmənalı şəkildə yüksək qiymətləndirilir və təqdir edilir. Bax, bu çətin dövrdə hər kəsin əsl siması üzə çıxdı. Kim nəyə qadirdir, kim ölkəni necə idarə edir, kim böhrana qarşı necə hərəkət edir, kim xalqı, cəmiyyəti səfərbər edə bilib, kim isə, sadəcə olaraq, xarici yardıma möhtac qala-qala başqasından yardım diləyir. Ona görə həm özümüzə, xalqımıza, həm də bütün dünyaya bir daha göstərdik ki, biz ləyaqətli ölkəyik. Bizim üçün milli maraqlar prioritet məsələdir. İnsanların sağlamlığı isə milli maraqlar arasında prioritet yerdədir”.
Prezident İlham Əliyevin təşəbbüsü ilə pandemiyaya qarşı aparılan effektiv mübarizə, dünyada təhlükəsizliyin möhkəmlənməsinə verilən töhfələr bütün dünya ölkələri tərəfindən təqdir olunur. Biz bərdəlilər də bütün xalqımız kimi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin bəşəri humanizmini alqışlayır və onunla qürur duyuruq.