Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Mətbuatın 145 illiyi

22 iyul 2020 | 16:00

Milli mətbuat və jurnalistika günü 22 iyul - Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur. Dövrün görkəmli ziyalısı Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatı bütün dövrlərdə həqiqət carçısı olmuş, cəmiyyəti düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirmiş, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynayıb. Azərbaycanda maarifçilik hərəkatının formalaşmasında əsas rol oynamış “Əkinçi”nin əsas məqsədi fanatizmi, cəhaləti aradan qaldırmaq, xalqı elmə, maarifə, tərəqqiyə çağırmaq, onun elmi-mədəni səviyyəsini yüksəltmək olub. Çox ciddi senzura altında cəmi 56 nömrəsi çapdan çıxan “Əkinçi” qəzetinin nəşrinə 1877- ci ildə qadağa qoyulmuşdur. XX əsrin əvvəllərində mətbuat orqanları Azərbaycanda milli-azadlıq hərəkatının əsas istiqamətverici qüvvəsini təşkil etmiş, milli oyanış, milli özünüdərk proseslərinin aparıcı vasitələrindən biri olublar. Milli siyasi mətbuatın təşəkkül dövrü adlandırılan 1905-1907-ci illərdə KİV-lər Azərbaycan cəmiyyətinin siyasi və ideoloji fəallığının artırılmasında mühüm rol oynayıblar. “Şərqi-rus”, “Həyat”, “Füyuzat”, “Təzə həyat”, “Şəlalə”, “Açıq söz”, “Dirilik” və digər qəzetlər xalqın milli özünüdərk hissinin formalaşmasına çalışıblar. Sovet hakimiyyəti dövründə kommunist ideologiyasının güclü təsiri altında fəaliyyət göstərsə də Azərbaycan mətbuatı milli varlığını qoruyub saxlaya bilib, respublikanın ictimaisiyasi həyatında fəal rol oynayıb. Ölkədə qəzet və jurnalların şəbəkəsi genişlənmiş, jurnalistikanın çeşidli növləri meydana çıxıb. Azərbaycan Respublikası Prezidentinin 5 iyul 1991-ci il tarixli fərmanı ilə Azərbaycanın ilk milli qəzeti olan «Əkinçi» qəzetinin birinci nömrəsinin çapdan çıxdığı gün - 22 iyul Azərbaycan jurnalistikası günü elan edilmişdir. Müstəqilliyin əldə edilməsindən sonra Azərbaycanda KİV-lərin sayında önəmli ölçüdə irəliləyiş baş verib.Ölkədə informasiya texnologiyalarının inkişafı Azərbaycan mətbuatını qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevirmişdir. Artıq Azərbaycan mətbuatı həm kəmiyyət, həm də keyfiyyət baxımından region ölkələrini qabaqlayır. Bir çox demokratik ölkələrdə olduğu kimi, Azərbaycanda da Mətbuat Şurası yaradılıb və "Mətbuat haqqında" Qanun qəbul edilib. Azərbaycanda insan hüquqları, siyasi plüralizm, vətəndaş cəmiyyətinin mövcudluğu demokratik institut kimi formalaşdırılmış müstəqil kütləvi informasiya vasitələrinin fəaliyyətində, onların inkişafı üçün yaradılan hüquqi təminatlarda öz təsdiqini tapır. Azərbaycan Respublikasının 1995-ci ilin noyabrında ümumxalq səsverməsi ilə qəbul edilən Konstitusiyasının 50-ci maddəsində söz, azad məlumat toplamaq azadlıqları, öz baxışlarının azad ifadə edilməsi və digər azadlıqlar möhkəmləndirilib. Digər Qanunverici Aktlarında da möhkəmləndirilmiş azadlıqlar - vətəndaşların qanuni yolla informasiya tapmaq, almaq, hazırlamaq, ötürmək və yaymaq hüquqları dövlət təminatına əsaslanır. Azərbaycan Respublikası insan hüquq və azadlıqlarının təmin olunması üzrə sıra Beynəlxalq Konvensiya və Sazişlərə qoşulub. Azərbaycan Prezidenti Heydər Əliyevin 1998-ci il 16 avqust tarixli "Azərbaycan Respublikasında söz, düşüncə və informasiya azadlığının təmin edilməsi tədbirləri haqqında" fərmanı ilə ölkədə kütləvi informasiya vasitələri üzərində senzura ləğv edilib. Bu fərman kütləvi infromasiya vasitələrinin sürətli inkişafına ciddi təkan verməklə yanaşı, onların rasionallığının artırılması sahəsində geniş Dövlət Proqramının əsas istiqamətlərini müəyyən edib. Azərbaycanda mətbuatın inkişafına töhfə verən digər vacib amil ölkənin nüfuzlu beynəlxalq təşkilata - Avropa Şurasına daxil olmasıdır. Təşkilata daxil olduqdan sonra ölkədə aparılan demokratik islahatlar söz və mətbuat azadlığının daha geniş təşəkkülünə şərait yaradıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2009-cu ilin martın ayında imzaladığı sərəncamla Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradılıb. Fondun yaradılmasında məqsəd Azərbaycanda fikir, söz və məlumat azadlığı şəraitini yaxşılaşdırmaq, o cümlədən buna xidmət edən kütləvi informasiya vasitələrinə dövlət dəstəyidir. Milli özünüdərkin bərqərar olmasında, vətənpərvərlik hisslərinin aşılanmasında, milli və ümumbəşəri dəyərlərin təbliğində müstəsna rol oynamış Azərbaycan mətbuatı xalqımızın azadlıq və müstəqillik uğrunda mübarizəsinə öz böyük töhfəsini vermişdir. Yarandığı 145 il ərzində Azərbaycan milli mətbuatı zəngin və mənalı bir inkişaf yolu keçmişdir. Azərbaycan xalqının qədim ədəbi və mədəni irsə malik olması, Şərq və Qərb sivilizasiyasının qovuşduğu məkanda formalaşmış mədəniyyəti demokratik milli mətbuatın gələcək inkişafı üçün möhkəm zəmin yaratmışdır.
Bərdə rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev bu şərəfli peşə sahiblərini Milli Mətbuatın yaranmasının 145 illiyi münasibəti ilə səmimi qəlbdən təbrik edir və gələcək işlərində uğurlu nailiyyətlər arzulayır.

Keçidlər