Dənli və texniki bitkilərin yığımı dövründə və meşələrdə yanğın təhlükəsizliyi qaydaları
Kənd təsərrüfatında məsul bir dövrün - dənli və texniki bitkilərin yığımı mövsümünün astanasındayıq. Taxıl yığımı və heyvandarlığın inkişafı məqsədilə mal-qara üçün silos, senaj, quru ot tədarükünün artırılması respublika iqtisadiyyatında önəmli rol oynadığına görə bu sahələrin, bütövlükdə kənd təsərrüfatının inkişafı istiqaməti daim diqqət mərkəzindədir. Əlbəttə, bol məhsul yetişdirməklə yanaşı, onun tədarükü, emalı da mühüm şərtdir. Ona görə də, dənli və texniki bitkilərin tədarükü ilə bağlı qarşıya qoyulan vəzifələrin həllində bu əhəmiyyətli məhsulun, xüsusən strateji əhəmiyyətli taxılın yanğın təhlükəsizliyi də daima diqqət mərkəzində olmalı, bütün zəruri tədbirlər həyata keçirilməlidir. Birinci növbədə qeyd edilməlidir ki, dənli və texniki bitkilərin əkin sahələri ilə yanaşı meşələrin yanğından qorunması tək yanğın təhlükəsizliyi orqanları əməkdaşlarının deyil, həm də aqrar sahədə, o cümlədən fermer təsərrüfatında çalışan bütün şəxslərin ümdə vəzifəsidir və bu sahədə onların qarşısında ciddi tapşırıqlar qoyulur. Qeyd edək ki, hər il ot və taxıl yığımı mövsümünə hazırlıq dövründə Dövlət Yanğın Nəzarəti Xidməti bütün regionlarda yerli icra hakimiyyətlərinin, bələdiyyə sədrlərinin, fermerlərin, aqroservis rəhbərlərinin, meşə mühafizəsi və bərpası idarələri işçilərinin iştirakı ilə seminarlar, yanğına qarşı təbliğat xarakterli tədbirlər həyata keçirir. Amma hər il bu tədbirlərin keçirilməsinə baxmayaraq, təəssüf ki, taxıl sahələrində, meşələrdə yanğın hadisələri baş verməkdədir. Araşdırma zamanı yanğınların müxtəlif səbəblərdən, siqaret çəkmə zamanı ehtiyatsızlıqdan, nəqliyyat vasitələrinin sistemlərinin, mexanizmlərinin və hissələrinin nasazlığından, yüksək gərginlikli hava elektrik xətlərində baş verən qəzadan, ocaqdan düşən qığılcımdan, kombaynlarda və digər texikaların atqı borularında qığılcımsöndürənin olmamasından, biçilmiş sahələrin yandırılması səbəbləri ilə baş verdiyi məlum olmuşdur. Biçilmiş taxıl sahələrinin yandırılması qadağandır və buna görə taxıl sahəsinin sahibi məsuliyyət daşıyır.