Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Polkovnik-leytenant Qənbərov Mehman Nəriman oğlunun 40-cı yaş günü.

29 may 2021 | 16:00

Bərdə rayon Qarağacı  kəndində Ağdam rayonundan məcburi köçkün, Vətən müharibəsi şəhidi  Polkovnik-leytenant  Qənbərov Mehman Nəriman oğlunun 40-cı yaş günü idi. Ondan oğlanları 14 yaşlı Nurlan və 9 yaşlı Ceyhan yadigar qalıblar.
Bu münasibətlə rayon İcra Hakimiyyəti başçısının müavini, YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya partiya fəalları-Teymur Həmidov, Mehparə Mustafayeva, Nurəddin Aliyev, Məqsəd Əzizov  və Elmir Məmmədovla birlikdə şəhidin ailəsində olmuşlar.
Qeyd edək ki, Qənbərov Mehman Nəriman oğlu 1981-ci ildə Ağdam rayonunun Maqsudlu kəndində anadan olub. Ağdam rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilməsi ilə bağlı məcburi köçkün olaraq ailəsi ilə birlikdə Bərdəyə pənah gətirmiş, burada türk Qızıl Aypara Cəmiyyətinin tikdirdiyi  kiçik otaqlarda məskunlaşmışlar.  Düşmənə nifrət, Vətənə məhəbbət hissi ilə Mehman 1998-2002-ci illərdə  ali təhsil alaraq zabit kimi yetişmiş, 2007-ci ilədək Silahlı Qüvvələrimizin Təlim Tədris Mərkəzində çalışaraq kapitan rütbəsilə ölkəmizdə peşəkar komandirlərin yetişməsinə öz töhfəsini vermişdir. Bundan sonra müdafiə nazirliyinin müxtəlif N saylı hərbi hissələrində taborun qərargah rəisi və tabor komandiri vəzifələrini layiqincə yerinə yetirmişdir. Füzuli rayonunda N saylı hərbi hissəsində texniki təminat bölməsinin rəisi olaraq vətənə şərəflə xidmət etmişdir. O sentyabr ayının 27-də Ermənistanın törətdiyi təxribata qarşı əks-hücuma başlanan  Vətən müharibəsində iştirak edərək düşmənin 30 ildə yaratdığı ön cəbhəni yararaq bir neçə kəndin və postların azad edilməsində iştirak etmişdir. Füzuli şəhəri istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə Polkovnik-leytenant  Qənbərov Mehman Nəriman oğlu ölümündən sonra “Qarabağ” ordeni,   "Vətən uğrunda"  və “Füzulinin azad olunmasına görə” medalları  ilə təltif edilmişdir.
24 il Azərbaycan Silahlı Qüvvələrində qüsursuz xidmətə görə 1-ci, 2-ci və 3-cü dərəcəli medallarla, həmçinin  silahlı qüvvələrin yaradılmasının müxtəlif illərinin tamam olmasına görə  medal və təltiflərlə mükafatlandırılmışdır. O bir komandir kimi Silahlı Qüvvələrimizin, milli ordumuzun  şərəf və ləyaqətini hər zaman yüksək tutmuşdur. Görüş zamanı şəhidimizin atası Nəriman Qənbərov, anası Məryəm Qənbərova və qardaşı Cavid Qənbərov Polkovnik-Leytenant Mehman Qənbərovun  şərəfli döyüş yolundan və hərbidəki  xidmətlərindən danışmışlar.Həmçinin möhtərəm Prezidentimiz cənab İlham Əliyev və ölkənin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan  məmnun olduqlarını  ifadə etmişlər.Partiya fəalları ailənin çətinlikləri ilə maraqlanmış və bəzi  problemlərinin həlli üçün köməkliklər göstərmişlər.

Keçidlər