Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid ailələri ilə görüş keçirilmişdir

18 iyun 2021 | 16:00

    Bu gün Bərdə şəhər şəhid Alı Mustafayev adına 5 saylı tam orta məktəbdə rayonun şəhid ailələri ilə görüş keçirilmişdir. Tədbirdən öncə şəhid Alı Mustafayevin məktəbin həyətindəki büstü önünə gül dəstələri düzülmüş və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin, həmçinin  bu gün şəhadət günü olan Milli Qəhrəman Mübariz İbrahimovun əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Məktəbin foeysində şəhidlərin xatirəsinə həsr edilmiş sərgiyə baxış keçirilmişdir.
Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini, YAP rayon təşkilatının sədri Fəqət Şadlinskaya, məktəbin direktoru Teymur Həmidov, Qarabağ müharibəsi əlilləri,veteranları, şəhid ailələri ictimai birliyinin rayon şöbəsinin sədri Etibar Hüseynova, rayon Təhsil şöbəsinin müdir əvəzi Ədalət İsmayılov, YAP rayon təşkilatının təlimatçısı Nurayə Məmmədova,  şəhid valideyinləri və  fəal gənc Ramal Əhmədov çıxış etmişlər.
    Tədbiri giriş sözü ilə açan Zərifə Məmmədova 44 günlük Vətən müharibəsindəki şanlı qələbəmizdən və bu qələbədə payı olan məktəbin məzunları - üç şəhidin, Qəribzadə Fəxri Elmir oğlu,  Quliyev Aqil Mətləb oğlu və Quliyev Elçin Rövşən oğlunun igidlikləri haqqında danışmış,  məktəbdə onların güşələrinin yaradıldığını bildirmişdir. Tədbirdə çıxış edən Fəqət Şadlinskaya ölkə Prezidenti cənab İlham Əliyevin uzaqgörən və qətiyyətli siyasətindən, xalqımızın birliyi və müzəffər Ordumuzun peşəkarlığı sayəsində 30 illik həsrətə son qoyulmasından,15 iyun – Milli Qurtuluş günündə Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın Şuşa səfərindən  və bu səfər zamanı imzalanan Şuşa Bəyannaməsindən, ölkəmizdəki 48 siyasi partiyanın bu Bəyannamayə dəstək Bəyanatından danışmışdır. Həmçinin şəhidlərin xatirəsinin daim qəlbimizdə yaşadığını vurğulamışdır. Digər çıxışlarda qəhrəman gənclərimizin vətən uğrunda fədakarlıqlarının dövlətimiz tərəfindən yüksək qiymətləndirildiyi, onların  hər birinin orden və medallarla təltif edildiyi, ailələrinin dövlətin diqqət və qayğısı ilə əhatə olunduğu bildirilmişdir. 
Şəhid valideyinləri öz çıxışlarında Vətən müharibəsindəki tarixi Qələbənin Ali Baş Komandanın rəhbərliyi, şəhidlərimizin qanı və qazilərimizin canı hesabına başa gəldiyini vurğulamış və  möhtərəm  Prezidentimiz cənab İlham Əliyev və ölkənin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan  məmnunluqlarını  ifadə etmişlər. Görüş zamanı  şəhər 5 saylı tam orta məktəbin  şagirdləri kompozisiya nümayiş etdirmiş, vətən və şəhidlər haqqında şeirlər söyləmişlər. Tədbir şəhid ailələri üçün açılmış çay süfrəsi arxasında davam etdirilmişdir.

Keçidlər