Bərdədə Anım Gününə həsr olunmuş tədbir keçirilib
Bərdə rayonunda “Şəhidlər” Xiyabanında 27 sentyabr-Anım Gününə həsr olunmuş tədbir keçirilib.
Anım tədbirində Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev, Milli Məclisin deputatı Fatma Yıldırım, YAP rayon təşkilatının, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbirdən öncə Vətən müharibəsi dövründə Ermənistan Ordusu tərəfindən Bərdə rayonuna atılan bombalar nəticəsində həlak olmuş mülki şəhidlərin xatirə lövhəsinin önünə tər güllər düzüldü, xatirəsi yad olundu, ruhlarına dualar oxundu.
Tədbir “Şəhidlər” Xiyabanında uyuyan şəhidlərin məzarları üzərinə tər güllər düzülməklə davam etdi.
Sonra Bərdə Rayon İcra Hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək bildirdi ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq sentyabrın 27-si Azərbaycanda Anım Günü elan olunub.
Bu gün ölkəmizin bütün şəhər və rayonlarında, o cümlədən mənfur düşmənin “Smerc” tipli raketlərdən zərbə endirdiyi Bərdə rayonunda da anım mərasimləri keçirilir, şəhidlərimiz Azərbaycandakı bütün dini məbədlərdə - məscidlərdə, kilsələrdə, sinaqoqlarda dərin ehtiramla yad olunur, qəhrəman Vətən övladlarının ruhuna dualar oxunur.
Rayon rəhbəri anım tədbirində 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun əsgər və zabitlərinin göstərdiyi qəhrəmanlıqlardan danışdı. Bildirdi ki, ötən ilin bu günu Azərbaycan tarixinə Vətən müharibəsinin başlanması kimi həkk olundu. Ermənilərin 30 ilə yaxın işğal altında saxladıqları torpaqlarımız şəhidlərimizin qanı bahasına azad edildi. Uzun illər mif olaraq təqdim edilən erməni sədləri elə ilk gündə ordumuz tərəfindən darmadığın olundu. Ordumuz bütün cəbhə boyu irəlilədi və düşmən Azərbaycan əsgərinin qarşısında diz çökdü. 44 günlük döyüşlərdə bir çox yaşayış yerlərini atəşə tutan ermənilər sakinlərimizi qorxutmağa çalışsa da, buna nail ola bilmədi. Darmadağın olan düşmən ordumuz qarşısında tab gətirməyərək kapitulyasiya aktına imza atdı.
Bugün işğalçı Ermənistan Ordusuna cavab olaraq başladılan Vətən müharibəsindən bir il keçir. Vətən müharibəsi başlanan ilk gündən bütün Azərbaycan oğulları silaha sarılıb Vətənin müdafiəsinə qalxdı, 30 il Ermənistanın işğalı altında inləyən torpaqlarımızı mənfur düşməndən azad etmək üçün ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında vahid komandanlıq altında bir yumruq kimi birləşərək düşmənə ağır zərbələr endirdi. Onlar düşmənin üstünə yürüdülər. Ölümdən qorxmadılar. Ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin illərlə ölkəmizi möhkəmləndirən, Ordumuzu qüdrətləndirən uğurlu daxili və xarici siyasəti müharibədə elə ilk gündən özünü göstərdi. Cənab Ali Baş Komandanın güclü “Dəmir yumruq” müharibə planı və əməliyyatı, qəhrəman oğullarımızın şücaətlikləri bütün dünyaya möcüzə Qələbəni göstərdi. 44 gündə düşmənin ordusu darmadağın edildi. Məhz buna görə də düşmən kapitulyasiya aktını imzalamağa məcbur oldu. Vahid Komandanlıq ətrafında birləşən bütün xalqın gücü, qüdrəti, rəşadətli Ordumuzun qəhrəmanlığı, igidlərimizin qanı və canı hesabına Qələbə qazanıldı. Şəhidlərimiz qanları ilə, qazilərimiz canları ilə Qələbə qazanaraq tarix yazdılar. Bu qələbə bütün dünyaya Azərbaycan xalqının döyüş əzmini, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Milli Ordumuzun qəhrəmanlığını göstərdi. Bütün dünya Azərbaycanın müharibə səliqəsinə, dəqiqliyinə, və gücünə, sərrastlığına heyran qaldı. Biz bütün Azərbaycan xalqına və türk dünyasına Qələbə sevincini yaşadan Ali Baş Komandanımız cənab İlham Əliyev başda olmaqla qəhrəman Milli Ordumuzla fəxr edirik, qürur duyuruq ! Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə can sağlığı arzulayırıq. Biz fəxr edirik ki, onların arasında igid Bərdə oğullarının da adı var. Silaha sarılıb Vətənin müdafiəsinə qalxan 1200 –dən çox Bərdə gənclərindən 57 nəfər döyüş meydanında qəhrəmancasına şəhid oldular. Həmçinin mənfur düşmənin rayonumuza atdığı bombalar nəticəsində 28 nəfər dinc mülki şəhidimiz oldu. Burada diqqətinizə bir məqamı xüsusilə qürur hissi ilə çatdırmaq istəyirəm ki, Bərdə rayonundan olan bütün şəhidlərimiz Vətən müharibəsində göstərdikləri şücaətliklərinə görə ölkə prezidenti cənab İlham Əliyevin sərəncamları ilə bir, iki, hətta üç medala layiq görülən igidlər olmuşlar. Vətən müharibəsinin Bərdə rayonundan olan şəhidləri ölümündən sonra 63 medala, 3 nəfəri-Xudayar Yusifzadə “Azərbaycan Bayrağı” ordeninə, Asəf Əsgərov “Qarabağ” ordeninə, polkovnik –leytenant Əlzamin Təhməzov “Rəşadət” ordeninə layiq görülmüşlər. Bir qazimiz –kəşfiyyatçı Dursun Manaflı “Qarabağ” ordeninə layiq görülmüş qəhrəmanlardır. Biz onlarla fəxr edirik. Bu müharibəyə atılanda onların bircə məqsədi var idi: torpaqlarımızı düşməndən geri almaq və onlar buna nail oldular. Əlbəttə, cənab Ali Baş Komandanın rəhbərliyi altında qazandıqları əbədi və qəti QƏLƏBƏ onların ən böyük mükafatıdir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev və ölkənin Birinci Vitse prezidenti tərəfindən Vətən müharibəsi şəhidləri və iştirakçıları daim diqqət mərkəzində saxlanılır və qayğı ilə əhatə olunur, orden və medallarla təltif olunurlar. Qarabağda böyük Dirçəliş hərəkatı Vətən müharibəsində qazanılmış tarixi Qələbənin əbədiliyinin təsdiqidir. Bərdə həmçinin ətraf rayonlardan müharibə ilə bağlı Bərədəyə pənah gətirmiş müvəqqəti məcburi köçkünlərə qucaq açdı, dəstək oldu.
Milli Məclisin deputatı Fatma Yıldırım çıxış edərək bildirdi ki, Ermənistanın 2020-ci il sentyabrın 27-də ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə başladığı Vətən müharibəsi Şanlı Qələbə ilə başa çatdı. Otuz ilə yaxın işğal altında olan torpaqlarımız şəhidlərimizin - əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına işğaldan azad edildi. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizə dərin ehtiram əlaməti olaraq sentyabrın 27-si ölkəmizdə Anım Günü kimi qeyd olunur.
Tədbirdə çıxış edən Vətən müharibəsində Bərdənin ilk şəhidi Turqut Zeynalovun anası Zibeydə Zeynalova, şəhid Polkovnik-leytenant,“Rəşadət” ordenli Təhməzov Əlzaminin həyat yoldaşı Əlzamin Günay, şəhid Abışov Asifin anası İsbət Hətəmova, “Qarabağ” ordenli Vətən müharibəsi əlili - qazi Manaflı Dursun çıxış edərək onlara daim qayğı ilə yanaşan ölkə başçısı cənab İlham Əliyevə və Birinci vitse-prezident xanım Mehriban Əliyevaya öz minnətdarlıqlarını bildirdilər.
Sonra şəhər 7 saylı tam orta məktəbin şagirdləri müzəffər Ali Baş Komandana, vətənə, şəhidlərimizə, əsgərlərimizə həsr olunmuş şeirlər söylədilər.
Tədbir rayonun girəcəyində rayon rəhbərliyi tərəfindən şəhidlərin xatirəsinə keçirilən ağac əkini ilə davam etdirildi.