Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə rayonunda yeni məktəb binası istifadəyə verildi

30 sentyabr 2021 | 16:00

Yeni dərs ilində Bərdə şəhər 3 saylı tam orta məktəbin müəllim və şagirdləri ikiqat bayram sevinci yaşayıblar. Sentyabrın 29-da Bərdə şəhər 3 saylı məktəb binası müəllim və şagirdlərin istifadəsinə verilib.
           Heydər Əliyev Fondunun hesabına tikilmiş 1200 şagird yerlik Bərdə şəhər 3 saylı tam orta məktəbinin yeni binasının açılışında rayon İcra Hakimiyyətinin başçısı V.İ.İsayev, rayonun təhsil və hüquq-mühafizə orqanlarının rəhbərləri, müəllim, şagird və valideynlər iştirak etmişlər.
Məktəbin açılışı zamanı rayon İcra hakimiyyətinin başçısı V.İ.İsayev, rayon Ağsaqqallar Şurasının üzvü Rzaqulu Şərifov, Bərdə şəhər 3 saylı tam orta məktəbin valideyn Komitəsinin sədri Kamil Hacıyev, məktəbin tarix müəllimi Elnarə Cəfərova çıxış edərək ölkəmizdə təhsilin səviyyəsinin yüksəldilməsinə, maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərilən dövlət qayğısından, ölkə Prezidenti cənab İlham Əliyev və birinci Vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən görülən işlərdən danışmış, valideynləri,. məktəbin müəllim və şagird kollektivini təbrik  etmiş, onlara uğurlar arzulamışlar.
Təhsilə göstərilən dövlət qayğısının nəticəsidir ki, rayon üzrə ali məktəblərə qəbul olan gənclərin sayı hər il artır. Təkcə bu il məzunlardan 1 nəfər Qızıl medalla, 24 nəfər Fərqlənmə attestatı ilə məktəbi bitirmişdir. 848 nəfər   ali məktəblərə qəbul üçün sənəd verib, onlardan 491 nəfəri  və ya ümumi müraciət edənlərin 57,9 faizi qəbul olub. 13 nəfər 600-dən yuxarı, 67 nəfər 500-dən yuxarı bal toplamışdır. Əvvəlki illərin məzunları ilə birlikdə bu il ali məktəblərə qəbul imtahanlarının nəticələrinə əsasən 540 nəfər və ya müraciət edənlərin 52,3 faiz tələbə adını qazanmışlar.
Onlardan 15 nəfər xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olmuşlar.
Bərdə şəhər 3 saylı tam orta məktəbin də uğurları böyük olmuşdur. 2020-21-ci tədris ilində məktəbin XI sinifini bitirmiş 35 nəfər məzunundan  qəbul imtanahlarında 2 nəfəri 600-dən yuxarı bal toplamış, məzunların 26 nəfəri və ya 77 faizi ali təhsil, 9 nəfəri orta-ixtisas müəssisələrinin tələbəsi adını qazanmışlar. 
Heydər Əliyev Fondu hesabına tikilən yeni məktəbin ərazisi 1,09 ha təşkil edir. Bina sahəsi 3646,3 m2 olan 4 mərtəbəli 4 korpusdan, 2800 m2 sahəsi olan texniki zirzəmi mərtəbəsindən ibarətdir. Bina mövcud tikinti norma və qaydalarına uyğun, 9 ballıq zəlzələyə davamlı inşa edilmişdir.       Məktəb zəruri mebel və avadanlıqlarla, fənn kabinetləri və laboratoriyalar əyani vəsaitlərlə tam təchiz edilib. Məktəbin ərazisində yeraltı içməli su anbarı, nasosxana və qazanxana inşa edilib, məktəbin binası daimi isti və soyuq su, elektrik və istilik, sistemləri ilə təmin edilir. Binanın daxilində və ərazidə video müşahidə kameraları qurulub. Ərazidə yanğın su anbarı inşa edilib, binada yanğın təhlükəsizlik sistemləri və təxliyə pilləkənləri quraşdırılıb.    4 mərtəbəli məktəb binasında 43 sinif otağı, fizika, kimya, biologiya laboratoriyaları,  informatika otağı, hərbi təlim otağı, tibb otağı, qızlar və oğlanlar üçün əmək təlimi otaqları, qarderob, kitabxana, yeməkxana, akt zalı, idman zalı və açıq idman meydançası var. 
Məktəbin həyətyanı ərazisində abadlıq və yaşıllaşdırma işləri aparılıb, ərazidə döşəmə daşları düzülüb, asfalt və qazon örtüyü döşənib, dekorativ kol və ağaclar əkilib, müasir işıqlandırma sistemləri quraşdırılıb.
Çıxış edənlər, məktəbin pedaqoji kollektivinin nümayəndələri, şagirdlər və valideynlər dövlətimizin başçısına, Heydər Əliyev Fonduna minnətdarlıqlarını bildirib, yüksək qayğıya əməli işlə cavab verəcəklərini söyləmişlər.
Sonra tədbir iştirakçıları müasir dövrün tələblərinə uyğun tikilmiş məktəbdə  yaradılan şəraitlə tanış olublar

Keçidlər