Şriftin ölçüsü :

Saytın rəngi :

Bərdə rayonunda Vətən müharibəsi şəhidlərinin ildönümü geniş qeyd edilir.

26 oktyabr 2021 | 16:00

Bərdə rayonunun Vətən müharibəsi şəhidlərindən gizir Yusifzadə Xudayar Müslüm oğlu, çavuş  Nağıyev Yusif Bərxudar oğlu və əsgər Hümbətzadə Şahmuraz Əyyub oğlunun şəhadətindən bir il ötür.
Bu münasibətlə rayon İcra Hakimiyyəti başçısının müavini, YAP Bərdə rayon təşkilatının sədri Fəqət Şadlinskaya və bir qrup partiya fəalları həmin şəhidlərin qəbirlərini ziyarət etmiş, üzərinə qərənfil  dəstələri düzərək  xatirəsinə ehtiramlarını bildirmiş, onların il mərasimlərində iştirak etmişlər.
Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin Xüsusi Təyinatlılarının  giziri Yusifzadə  Xudayar Müslüm oğlu sentyabrın 27-də düşmənin törətdiyi təxribata qarşı əks-hücumla başlayan Vətən müharibəsində əvvəlcə Füzuli rayonunda sərhəd məntəqəsində xidmət edib, daha sonra isə Cəbrayılın və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və oktyabrın 22-də Zəngilan döyüşləri zamanı Ağbənd istiqamətində şəhid olub. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə gizir Yusifzadə  Xudayar Müslüm oğlu ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni , “Vətən uğrunda” və "Zəngilanın azad olunmasına görə" medalları  ilə təltif edilmişdir.
Çavuş  Nağıyev Yusif Bərxudar oğlu Vətən müharibəsində Murovdağ və Füzuli rayonu uğrunda gedən döyüşlərdə iştirak edib, döyüş meydanından şəhid və yaralıların çıxarılmasında xüsusi şücaət göstərib. Hadrut istiqamətində gedən döyüşlərdə yüksəkliklərin ələ keçirilməsində və düşmənin əks-həmlələrinin qarşısının alınmasında iştirak edib. 21 oktyabr 2020-ci ildə Hadrut-Şuşa istiqamətində gedən döyüşlərdə xüsusi tapşırıq yerinə yetirərkən şəhid olub. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı  ilə çavuş  Nağıyev Yusif Bərxudar oğlu ölümündən sonra “Vətən uğrunda” və "Kəlbəcərin azad olunmasına görə" medalları  ilə təltif edilmişdir.
Əsgər  Hümbətzadə Şahmuraz Əyyub oğlu Vətən müharibəsində  Ağdərə şəhəri istiqamətində gedən  döyüşlərdə iştirak edib və oktyabrın 23-də şəhid olub. Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı  ilə əsgər Hümbətzadə Şahmuraz Əyyub oğlu  ölümündən sonra “Vətən uğrunda” medalı  ilə təltif edilmişdir.
Şəhidlər xiyabanındakı mərasim zamanı  Fəqət Şadlinskaya, Millət Vəkili Fatma Yıldırım, SQ-nın general-mayoru Rəsul Tağıyev və döyüşçü yoldaşları və respublikanın müxtəlif regionlarından olan  şəhid anaları, müxtəlif ictimai birliklərin nümayəndələri  çıxış etmişlər.  Bildirmişlər ki, Vətən müharibəsi ölkəmizin Zəfər tarixinə qızıl hərflərlə yazıldı. Silahlı Qüvvələrimizin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz bu tarixi Qələbəni qazandı. Bununla da  ölkəmizin ərazi bütövlüyü bərpa edildi. Qəhrəman oğullarımızın  Vətən uğrunda göstərdiyi fədakarlıqlar dövlətimiz tərəfindən yüksək qiymətləndirilir. Onların hər biri orden və medallarla təltif olunmuş, ailələri dövlətin diqqət və qayğısı ilə əhatə olunmuşlar.
Şəhid ataları,  anaları və digər ailə üzvüləri   möhtərəm Prezidentimiz cənab İlham Əliyev və ölkənin Birinci Vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan  məmnun olduqlarını ifadə etmişlər.

Keçidlər