Bərdə rayonunun Qarayusifli kəndində erməni terroru nəticəsində həlak olanların xatirəsinə ucaldılmış abidə kompleksinin açılışı olub.
Ötən il oktyabrın 27-də düşmən növbəti dəfə xain və qəddarcasına cəbhə zonasından xeyli uzaqda yerləşən Bərdənin Qarayusifli kəndini "Smerç" raketləri ilə atəşə tutub.
Bu terror hücumu nəticəsində Qarayusifli kəndinin dinc sakinlərindən 5 nəfər həlak olub, 14 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Erməni terroru zamanı şəhid olanların xatirəsinə inşa olunmuş abidə kompleksinin açılışı oldu. Rayon icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrinin, şəhid ailələrinin, məktəblilərin və kənd ictimaiyyətinin iştirakı ilə keçirilən tədbirdə şəhidlərimiz anıldı, xalqımızın Vətən müharibəsi zamanı Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşərək göstərdiyi qəhrəmanlıq nümunələrindən danışıldı.
Torpaqlarımızın azadlığı uğrunda şəhadətə yüksələn, erməni terrorunun qurbanı olan həmvətənlərimizin əziz xatirəsi böyük ehtiramla yad edildi.