Bərdədə “ZƏFƏR GÜNÜN MÜBARƏK, AZƏRBAYCAN!” adlı təntənəli bayram tədbiri keçirilmişdir.
Vətən müharibəsində Qələbənin birinci ildönümü münasibətilə Bərdə rayonunun Mərkəzi Meydanında “Zəfər günün mübarək! Azərbaycan!” adlı təntənəli bayram tədbiri keçirilmişdir.
Tədbirdən öncə Xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi və Vətən müharibəsi şəhidlərinin məzarı ziyarət olunmuş, önünə tər güllər düzülərək onların xatirəsi ehtiramla yad olunmuşdur.
Sonra Bərdə rayon Rəsm Qalereyasının qarşısında təşkil edilmiş rəsm sərgisinə, “Keçən günlər bir xatirədir!” adlı Vətən müharibəsi şəhidlərinin mülki şəkillərindən ibarət foto-stendə, Bərdə rayon UGİM-in təşkil etdiyi məktəblilərin əl və rəsm işlərindən ibarət sərgiyə baxış keçirilmişdir.
Tədbirdə Bərdə rayon İcra Hakimiyyətinin başçısı V.İsayev, Millət vəkilləri F.Yıldırım, Z.Oruc, Vətən müharibəsi şəhidlərinin ailələri, qaziləri və iştirakçıları, YAP Bərdə rayon təşkilatının, hüquq mühafizə orqanlarının, idarə, müəssisə, təşkilat, rəhbərləri və kolllektivləri, ictimaiyyət və KİV nümayəndələri iştirak etmişlər.
Öncə torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Dövlət Himni səsləndirilmişdir.
Tədbirdə Bərdə rayon icra hakimiyyətinin başçısı Vidadi İsayev çıxış edərək Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi və rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin qəhrəmanlığı sayəsində qazanılan tarixi Zəfərin birinci ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik edib. Bildirib ki, ötən il sentyabrın 27-dən başlayan, işğal altındakı ərazilərimizin azad edilməsi ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə çevrilib. Qalib Azərbaycan xalqı Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi. Bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə müasir Azərbaycan dövləti tarixinin ən şanlı günlərini, yeni inkişaf və dirçəliş dövrünü yaşayır. “Dəmir yumruq” kimi birləşmiş Azərbaycan xalqı doğma Qarabağımızın azadlığı uğrunda aparılmış, hər günü qəhrəmanlıq dastanı olan Vətən müharibəsində Böyük Qələbəni müzəffər xalq, qalib dövlət kimi yüksək qürur hissi ilə qeyd edir.
Millət vəkilləri Fatma Yıldırım, Zahid Oruc, “Qarabağ” ordenli Vətən Müharibəsi qazisi Dursun Manaflı, “Qarabağ” ordenli Vətən müharibəsi şəhidi Əsgərov Asəf İlqar oğlunun atası İlqar Əsgərov, “Azərbaycan Bayrağı” ordenli Vətən Müharibəsi şəhidi Naibov Dövranın anası Xuraman xanım, şəhid Rzayev Ceyhunun bacısı Leyla Rzayeva çıxış edərək 44 gün davam edən Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbədən söz açıb, Zəfərlə başa çatan müharibədə Vətənimizin igid oğullarının göstərdikləri qəhrəmanlıqlardan danışıblar. Bildiriblər ki, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş hərbçilərimizin xatirəsi daima yaddaşlarda qalacaq. Məhz onların göstərdiyi şücaət nəticəsində uzun illərdir işğal edilən torpaqlarımız azad olunub. Onlar həmçinin Vətən müharibəsi şəhidlərinə, qazilərə, iştirakçılara dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışmış, ölkə Prezidenti cənab İlham Əliyevə və ölkənin Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlıqlarını bildirmişlər.
Tədbirdə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Sərəncamı ilə təltif olunmuş medalların bir hissəsi şəhidlərin ailəsi və yaxınlarına, qazilərə, müharibə iştirakçılarına təntənəli şəkildə təqdim edilmişdir.
Tədbirdə Vətən müharibəsi dövründə informasiya sahəsində xüsusi xidmət göstərmiş bir qrup mediya nümayəndələrinə Bərdə rayon İcra Hakimiyyətinin Başçısının Fəxri fərmanları təqdim edilmişdir. Həmçinin filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent , yazar Bahar Bərdəlinin Vətən müharibəsində həlak olmuş Bərdə şəhidlərinin xatirəsinə həsr etdiyi “Qarabağın dayağı Bərdə, Bərdənin qüruru şəhidlər” adlı kitabı şəhid ailələrindən bir qrupuna təqdim edilmişdir.
Tədbir Bərdə Regional Mədəniyyət İdarəsi rayon şöbəsinin hazırladığı konsert proqramı ilə davam etmişdir.
Tədbirdən sonra Zəfər günü ilə bağlı ağac əkmə kompaniyası keçirilmişdir.
Axşam saatlarında şəhərdə bayram atəşfəşanlığı olmuşdur.